Azərbaycanda Kök Hüceyrələri Mərkəzinin yaradılması təklif olunur

Azərbaycanda Kök Hüceyrələri Mərkəzinin yaradılması təklif olunur
# 18 aprel 2014 10:51 (UTC +04:00)

APA-nın xəbərinə görə, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncaqda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün dünyada kök hüceyrələri mərkəzlərinin sayəsində çox böyük elmi-tədqiqat işləri aparılır. Alınan nəticələrin təbabətdə tədqiq olunduğunu deyən Ə.Əmiraslanov vurğulayıb ki, Azərbaycanda da Kök Hüceyrələri Mərkəzinin yaradılması vaxtı çatıb: “Elmin İnkişafı Fondu gələcəkdə bunun yaradılmasını nəzərdə tutsun. Həmin elmi mərkəzdə işləyəcək mütəxəssislərimiz artıq var. Bu gün təkcə İstanbulda 10 belə mərkəz fəaliyyət göstərir. Azərbaycanda da belə mərkəzin yaradılmasına ciddi ehtiyac var”.

Ə.Əmiraslanov qeyd edib ki, artıq ölkədə Elmin İnkişafı Fondunun dəstəyi ilə Elmi Mikroskopik mərkəz yaradılıb. Bunu çox uğurlu addım hesab edən rektorun sözlərinə görə, buradan yalnız akademiyanın alimləri deyil, Səhiyyə Nazirliyinin, Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları, müxtəlif klinikaların nümayəndələri istifadə edə bilirlər.

Akademik əlavə edib ki, Azərbaycanda gənclərin elmə cəlb edilməsi istiqamətində müxtəlif adlı mükafatların təsis edilməsi istiqamətində işlər görülür: “Gənclər üçün ayrıca adlı mükafatlar və akademiya səviyyəsində qrantlar ayrılsa, daha yaxşı olar. Bu gün akademiyanın biologiya və tibb elmləri bölməsində elə institutlar var ki, 10 illərdir avadanlıq əldə edə bilməyiblər. Bu istiqamətdə də akademiyaya kömək etmək lazımdır. Çünki institutlar lazımi avadanlıqlarla təmin edilməsə yüksək elmi nəticələrdən danışmaq olmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR