Vladimir Putin: “Biz Ukrayna xalqı ilə müharibəyə hazırlaşmırıq”

Vladimir Putin: “Biz Ukrayna xalqı ilə müharibəyə hazırlaşmırıq”
# 04 mart 2014 13:15 (UTC +04:00)

Bakı - APA. Vladimir Putin Ukrayna ilə müharibə perspektivindən narahat olmadığını söyləyib. APA-nın xəbərinə görə, Rusiya prezidenti keçirdiyi mətbuat konfransında jurnalistin müharibənin mümkünlüyü və Ukrayna ordusu ilə toqquşma ehtimalına dair sualına belə cavab verib: “Narahat deyiləm, ona görə ki, biz Ukrayna xalqı ilə müharibə aparmağa hazırlaşmırıq. Əgər biz belə bir qərar qəbul etsək, bunu yalnız Ukrayna vətəndaşlarının müdafiəsi üçün edəcəyik. Hansısa hərbçi öz vətəndaşlarına, qadın və uşaqlara atəş açarsa, hansı ki, biz həmin insanların arxasında duracağıq, onda görərlər”.

V.Putin Ukrayna ilə hərtərəfli əlaqələrin bərpasının yalnız normal seçkilərin keçirilməsindən sonra mümkün ola biləcəyini söyləyib. O, Ukraynada Arseni Yasenyukun rəhbərlik etdiyi hökuməti tanıyıb-tanımadıqları haqda sualı belə cavablandırıb: “Üç gün əvvəl mən hökumətə Ukrayna hökuməti ilə əlaqə yaratmaq barədə göstəriş verdim ki, iqtisadi əlaqələr qırılmasın. Narışkin Turçinovla əlaqədədir, Medvedev isə Yasenyukla. Lakin bizim hərtərəfli əlaqələrimiz yalnız normal prezident seçkilərindən və ölkədə vəziyyətin normallaşmasından sonra mümkündür”.

Rusiya prezidenti Ukraynada hazırkı “terror şəraitində” keçiriləcək seçkiləri tanımayacaqlarını vurğulayıb. O, Ukraynada mayın 25-nə təyin olunan seçkiləri tanıyıb-tanımayacaqları haqda sualı belə cavablandırıb: “Baxır seçki necə keçiriləcək. Bu gün gördüyümüz terror şəraitində keçirilərsə, tanımayacağıq”.

V.Putin Krımın Rusiyaya birləşdirilməsi məsələsinə baxılmadığını deyib. Onun fikrincə, yalnız bu bölgənin insanları öz taleləri haqda qərar qəbul edə bilər.

Qərbin mümkün sanksiyaları barədə suala cavab verən dövlət başçısı bildirib ki, bunun nəticələrini həmin sanksiyaları tətbiq etməyə hazırlaşan tərəflər düşünməlidir: “Qarşılıqlı asılılığın olduğu dünyada zərər də qarşılıqlı olacaq”. O, Qərb ölkələrinin boykotuna baxmayaraq, Rusiyanın Soçidə keçirilməsi planlaşdırılan G8 toplantısına hazırlığı davam etdirdiyini açıqlayıb: “Gəlmək istəmirlərsə, heç lazım deyil”.

Viktor Yanukoviçin Rusiyada vəfat etdiyi barədə şayiələrə V.Putinin münasibəti belə olub: “Rusiyaya gəldikdən sonra onunla bir dəfə görüşüm olub. İki gün əvvəl. O, özünü yaxşı hiss edir. Hesab edirəm ki, o, bu cür şayiələr yayanların dəfnində iştirak edəcək və soyuqlayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR