Eldar Namazov: “Partiyalaşma məsələsində son qərar vermək üçün tələsmək lazım deyil”

Eldar Namazov: “Partiyalaşma məsələsində son qərar vermək üçün tələsmək lazım deyil”
# 03 fevral 2014 11:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “El” Hərəkatının partiyaya çevrilməsi, yaxud hərəkat kimi fəaliyyətini davam etdirməsi barədə son qərar verilməyib”. Bunu APA-ya açıqlamasında “El” Hərəkatının Təşkilat Komitəsinin sədri Eldar Namazov deyib. O bildirib ki, qurultaya hazırlıq işləri başlayıb, artıq Təşkilat Komitəsinin iş planı mövcuddur: “İdarə Heyətinin qərarında bu ilin sonuna qədər birinci qurultayın keçirilməsi əksini tapıb. Çalışacağıq ki, nəzərdə tutulan işləri imkan qədər tez yekunlaşdıracaq. “El” Hərəkatının partiyaya çevrilməsi, yaxud hərəkat kimi fəaliyyətini davam etdirməsi barədə son qərarı qurultay verəcək. Ancaq qanunvericiliyin də tələblərini nəzərə alacağıq. Çünki vaxtaşırı Azərbaycanda mövcud olan qanunvericiliyə müxtəlif dəyişikliklərin edilməsi müzakirəyə çıxarılır. Majoritar və proporsional seçki sistemləri, o cümlədən siyasi partiyalar haqqında qanuna dəyişikliklərlə bağlı beynəlxalq qurumların tövsiyələri var. Ona görə də son qərar vermək üçün tələsmək lazım deyil. Burada həm “El” Hərəkatının üzvlərinin mövqeyi vacib olacaq, həm də qanunvericilikdə dəyişiklik olub-olmaması da son qərara təsir göstərəcək. Ona görə də indi bu barədə son qərar verməyin vaxtı deyil, hər şey son proseslərdən asılı olacaq”.

E. Namazov “El” Hərəkatının yaradılmasına xeyir-dua vermiş Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun qurumda yer almayacağını da açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR