İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 03 avqust 2013 07:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılan araşdırmalar zamanı məlum olub ki, Azərbaycan vətəndaşları - 1974-cü il təvəllüdlü Həsənov Fuad Allahverdi oğlu və 1981-ci il təvəllüdlü Hüseynov Natiq Çingiz oğlu qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək narkotik vasitə əldə etməkdən üçün İrana getməyi qərara alıblar. Onlar Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən keçərək İranın Culfa şəhərinə gəliblər. Rza adlı İran vətəndaşı ilə görüşüb narkotik vasitələrin alqı-satqısı ilə bağlı razılaşıblar.

Əldə etdikləri narkotik vasitələri səhər tezdən bükümlər halına salıb gömrük nəzarətindən gizlin keçirməkdən ötrü öz bədən üzvlərində - düz bağırsaqda gizlədiblər. Naxçıvan Muxtar Respublikasının Culfa gömrük sərhəd buraxılış məntəqəsindən keçən zaman gömrük əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılan Bakı şəhər sakinləri - vətəndaş Həsənov Fuad Allahverdi oğlu və vətəndaş Hüseynov Natiq Çingiz oğlu şəxsi yoxlamaya cəlb olunublar. Onların bədən üzvlərindən ümumi çəkisi 160 qram olan narkotik vasitələr - tiryək və həşiş aşkarlanaraq götürülüb.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR