İran Xalq Mücahidləri Təşkilatı: İran nüvə obyektini başqa bir əraziyə köçürür

İran Xalq Mücahidləri Təşkilatı: İran nüvə obyektini başqa bir əraziyə köçürür
# 11 oktyabr 2013 09:51 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran dünya ictimaiyyətini aldadaraq özünün nüvə tədqiqat mərkəzini başqa bir əraziyə köçürür.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu İran Xalq Mücahidləri Təşkilatının (İXMT) rəsmisi Mehdi Əbrəşimçi oktyabrın 10-da Parisdə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmin mərkəzin fəaliyyətləri nüvə silahı istehsalı ilə birbaşa bağlıdır: “İranın bu obyekti böyük bir əməliyyatla köçürməklə özünün yeni nüvə fəaliyyətlərini gizlətməsi gözlənilir və bu layihənin də hərbi məqsədlərə xidmət etdiyi düşünülür. İran Müdafiə Nazirliyinə bağlı olan bu tədqiqat mərkəzi Tehranın şərqində yerləşir və yeni obyekt 3 kilometr uzaqlıqdakı məsafəyə köçürülüb”.

M.Əbrəşimçi deyib ki, köçürülmə əməliyyatı sentyabrın əvvəllərində başlayıb: “Proses tam yekunlaşmasa da, ancaq işlərin əsas hissəsi görülərək başa çatdırılıb”.

Qeyd edək ki, İXMT oktyabrın 9-da bununla bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) məlumat təqdim edib və onların arasında mərkəzin yüz əməkdaşının adları da var. İran rəsmiləri isə hələlik məsələyə heç bir reaksiya verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR