TASİM layihəsi üzrə alyans yaradılacaq

TASİM layihəsi üzrə alyans yaradılacaq
# 06 may 2013 09:33 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, alyansın koordinatoru qismində Azərbaycan çıxış edəcək: “Alyansın yaradılması barədə sentyabr ayında BMT-nin Baş Assambleyasında rəsmi elan olunacaq. Hazırda alyansın yaradılması istiqamətində işlər aparılır”.

Nazir həmçinin bildirib ki, layihəyə yeni operatorlar cəlb olunacaq.

Qeyd edək ki, TASİM layihəsi vacib regional təşəbbüsdür və onun məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrinin əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Frankfurtdan Honq Konqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcəkdir. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədə keçərək Almaniyaya gedəcək. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcək.

2009-cu ilin 21 dekabrında BMT Baş Assambleyasının 64-cü sessiyasında Avrasiya Super İnformasiya Magistralı layihəsinə dair qətnamə qəbul edilib. 30 ölkə tərəfindən həm-müəllif qismində dəstəklənən və konsensusla qəbul edilən qətnamədə TASİM-in əlaqələndirilməsində Azərbaycan Respublikasının xüsusi rolu qeyd olunur. 2012-ci il dekabrın 21-də BMT-nin Baş Assambleyasında TASİM layihəsi üzrə yeni qətnamə yekdilliklə qəbul olunub. Layihənin reallaşdırılmasına dəstək vermək məqsədilə Azərbaycan tərəfindən irəli sürülmüş qətnamə geniş Avrasiya regionunda “rəqəmsal uçurum”un aradan qaldırılması üçün müvafiq telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsini, özəl və dövlət sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur. TASİM layihəsi regionda açıq informasiya cəmiyyətinin yaradılmasına, bağlantının sürətləndirilməsinə və internet xidmətlərinin inkişafına kömək edəcək, bununla da iqtisadi inkişafa, iqtisadiyyatların diversifikasiyasına və rəqabətin artırılmasına nail olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR