AMEA prezidenti gənclər üçün Prezident Mükafatına irəli sürülən namizədlərlə görüşüb

AMEA prezidenti gənclər üçün Prezident Mükafatına irəli sürülən namizədlərlə görüşüb
# 07 noyabr 2013 13:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə gənclər üçün Prezident Mükafatına AMEA institut və təşkilatları tərəfindən irəli sürülən namizədlərlə görüş keçirib.

APA-nın xəbərinə görə, görüşdə çıxış edən AMEA prezidenti dövlət başçısı İlham Əliyev tərəfindən gənclərə xüsusi diqqət və qayğı göstərildiyini deyib. O bildirib ki, bu mükafat ölkədə gənc alimlərin inkişafı və gələcək fəaliyyəti üçün bir stimul olacaq.

AMEA-nın akademik-katibi Rasim Əliquliyev vurğulayıb ki, prezident İlham Əliyevin fərmanı ilə ölkədə elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis edilib. Onun sözlərinə görə, bununla bağlı AMEA-nın da üzərinə böyük məsuliyyət düşür: “Mükafata təqdim olunacaq gənclərin seçimi ilə bağlı akademiyanın 40-dan artıq qurumu fərmanın icrasına qoşulublar. Gizli səsvermə yolu ilə gənclər üçün Prezident Mükafatına AMEA institut və təşkilatları tərəfindən 36 namizəd irəli sürülüb. Sonradan Rəyasət Heyətinin müvafiq komissiyası tərəfindən həmin şəxslərdən 24 nəfəri müsabiqəyə təqdim edilib”.

Akademik-katib onu da vurğulayıb ki, bu gün həmin 24 gənc Ekspert Komissiyası tərəfindən qiymətləndiriləcək. R.Əliquliyevin sözlərinə görə, sonradan gənclər üçün Prezident Mükafatına irəli sürülən konkret namizədlərin adları Gənclər və İdman Nazirliyinə təqdim olunacaq.

Tədbirin davamında mükafata namizəd olan gənclər öz elmi fəaliyyətləri, əldə etdikləri nəticələr barədə məlumat verib, Ekspert Komissiyasının üzvləri tərəfindən verilən sualları cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR