Azərbaycanda «Renault» avtomobillərinin iki yeni modelinin satışına başlanılıb

Azərbaycanda «Renault» avtomobillərinin iki yeni modelinin satışına başlanılıb
# 21 oktyabr 2013 13:04 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabr ayında Azərbaycanda «Renault Dokker» və «Dokker Van» minivenlərinin satışına start verilib. «APA-Economics»in məlumatına görə, «Renault Dokker»in satış qiyməti 14 900 manatdan, «Renault Dokker Van»ın qiyməti isə 15 500 manatdan başlayır.

«Renault Dokker» şəxsi və professional istifadə üçün nəzərdə tutulmuş öz sinfində ən iri yük yerinə (800 litr) malik olan 5 nəfərlik minivendir. «Renault Dokker Van» isə kommersiya seqmentinə aid olan minivenlərdəndir. Yeni yığcam minivenlər həcmi 1,6 litr (80 at gücü) olan benzin mühərriklərlə təchiz olunub.

«Renault Dokker» və «Renault Dokker Van» cəlbedici qabaritləri (uzunluğu 4,36 m, eni 1,75 m, hündürlüyü 1,85 m) və geniş salonu ilə fərqlənir. Klirens – «Renault Dokker»lərin daha bir əsas hissəsidir və sözügedən minivenlərdə bu göstərici 190 mm təşkil edir.

Salonda 5 nəfər sərnişinin rahat yerləşməsi ilə yanaşı yük üçün də kifayət qədər yer mövcuddur. Tutacağın rahat yerləşdirilməsi oturacaqların söykənəcəklərinin biri birindən asılı olmayaraq yığılmasını təmin edir. Arxa oturacaqlar da irəliyə qatlana bilər və nəticədə salonda iri yük üçün düz döşəmə yaranır. Avtomobilin arxa sırasında oturan sərnişinlər salonun geniş olması ilə əlaqədar özlərini rahat hiss edəcəklər: oturacaq yastığından dama qədər məsafə 1,065 m, çiyinlərdə - 1,458 m, dizlər səviyyəsində isə 0,17 m təşkil edir.

«Renault Dokker Van» isə iki sərnişin və 840 kq yük daşıya bilir. «Renault Dokker Van»ın yük bölməsinin həcmi 3,4 kubmetr, yük platformasının uzunluğu isə 1,9 m təşkil edir. «Easy Seat» sistemi sayəsində sərnişinin qabaq oturacağı yığılır və nəticədə salonun uzunluğu 2,42 metrədək artır. Sərnişin oturacağı salondan tam çıxarılarsa, «Renault Dokker Van»da yük bölməsinin faydalı həcmi 4,0 kubmetrədək, yükləmə uzunluğu isə 3,1 metrədək artır. Avtomobilin assimetrik arxa qapıları 90 dərəcə açılır və xüsusi fiksatorla bərkidilir ki, bu sistem küləkli havada qapıların çırpılmasının qarşısını alır. Fiksator boşaldılarkən (fiksatorun dəsti qapının iç tərəfində yerləşir) qapılar 180 dərəcə açıla bilir.

Qeyd edək ki, «Dokker» və «Dokker Van» avtomobilləri «Renault»un Tanjer şəhərində (Mərakeş) yerləşən ən yeni zavodunda istehsal olunur.

Azərbaycanda «Renault Dokker» 100 000 km məsafə və ya 3 illik zəmanət, «Dokker Van» modeli isə məsafədən asılı olmayaraq 2 illik zəmanətlə təklif olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR