MDB Humanitar Əməkdaşlıq Fonduna yeni icraçı direktor təyin olunub

MDB Humanitar Əməkdaşlıq Fonduna yeni icraçı direktor təyin olunub
# 21 yanvar 2014 12:41 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Müstəqil Dövlətlər Birliyi Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna (DHƏF) yeni icraçı direktor təyin olunub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə fondun rəhbərliyinin “RIA Novosti” beynəlxalq informasiya agentliyində keçirilən mətbuat konfransında bildirilib. Fondun icraçı direktoru vəzifəsini bu ildən Anatoli İksanov tutacaq.

A. İksanov çıxışında fondun əsas fəaliyyət istiqamətinin MDB, Baltikyanı və Gürcüstandan olan gənclərlə işləmək olacağını bildirib: “Biz təkcə MDB ölkələri ilə deyil, Gürcüstan və Baltikyanı ölkələrlə yeni təmas nöqtələri tapmalıyıq. Bizim keçmiş sovet məkanında çoxlu dostlarımız var və onların bizimlə əməkdaşlığını istəyirik”.

Yeni icraçı direktor fondun 2015-ci il üçün layihələrini planlaşdırmağa başladığını söyləyib: “Keçiriləck tədbirlər arasında ən vaciblərindən biri Taras Şevçenkonun 200 illik yubileyinə həsr olunan 9-cu humanitar elm və yaradıcılıq forumudur. Bundan başqa, fond Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunan tədbirlər də keçirəcək”.

Fondun İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə çıxışında qurumun keçirəcəyi forumun əsas işinin MDB ölkələrinin humanitar inteqrasiyasına istiqamətləndiyini bildirib: “Bu forum elm və mədəniyyət xadimlərinin müzakirə meydanıdır”.

Qeyd edək ki, fondun icraçı direktoru Ermənistanın Rusiyadakı keçmiş səfiri Armen Smbatyan olub. Ötən ilin dekabrın 18-də Anatoli İksanov MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna icraçı direktor təyin edilib.

Yeni icraçı direktor A. İksanov 2000-ci ildən “Bolşoy Teatr”ın baş direktoru vəzifəsində çalışıb. Teatrda baş verən qalmaqaldan sonra o, vəzifəsindən uzaqlaşdırılıb.

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu 2006-cı ildə yaradılıb. İlk olaraq fonda 7 ölkə (Rusiya Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğızıstan) daxil olub. 2008-ci ildən fonda Azərbaycan da qoşulub. Fondun məqsədi MDB ölkələrindən olan gənclərlə iş, mədəniyyət, təhsil, elm, idman, turizm sahəsində olan layihələrə maliyyə dəstəyini təmin etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR