“Azəriqaz” Gəncə qaz istismarı sahəsinin rəisi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

“Azəriqaz” Gəncə qaz istismarı sahəsinin rəisi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib
# 14 may 2014 09:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Gəncə qaz istismarı sahəsinin (QİS) 9 saylı Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin keçmiş işçisi Mina Mirzəyevaya istinadən həmin sahənin rəisi Rauf Qasımov haqqında yayılan videomateriallara münasibət bildirib.

Qurumdan “APA-Economics”ə verilən məlumata görə, yayılan xəbərlər böhtandır. “Azəriqaz”dan bildirir ki, M. Mirzəyeva ilə bağlanmış əmək müqaviləsinə Gəncə QİS-in 18 iyul 2013-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin müvafiq bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilib.

M. Mirzəyevanın bir çox instansiyalara ünvanladığı müraciətlərin hamısı ətraflı araşdırılıb və məlum olub ki, o, heç vaxt Gəncə QİS rəhbərliyinin, o cümlədən sahə rəisi, rəis müavini və baş mühəndisin qəbulunda olmayıb, yalnız işlədiyi xidmət əməkdaşlarının iştirakı ilə QİS rəhbərliyinin yanında keçirilən iclaslarda olub. “Bu isə M. Mirzəyevanın dediklərinin həqiqətəuyğun olmadığını və böhtan xarakteri daşıdığını göstərir”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, İB-dən bildirilib ki, R. Qasımov tərəfindən ona guya ki, əxlaqsız təklif olunduğunu iddia edən M. Mirzəyeva işlədiyi müddət ərzində heç vaxt bu barədə yuxarı rəhbərliyə və hüquq-mühafizə orqanlarına müraciət etməyib. Yalnız işdən çıxdıqdan sonra yenidən işinə qayıtmaq barədə etdiyi müraciətlər təmin olunmadıqda qarayaxma kampaniyasına başlamış və müxtəlif instansiyalara müraciətlər ünvanlayıb: “Bu faktın özü də M. Mirzəyevanın şantaj və böhtan yolunu seçdiyinə daha bir sübutdur”.

Onu da qeyd edək ki, R. Qasımov tərəfindən şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi tələbi ilə Gəncə şəhər Kəpəz rayon məhkəməsinə müraciət olunub. İşə məhkəmədə baxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR