Gürcüstanın sabiq müdafiə naziri azərbaycanlı tələbələrə “Kremlin Qafqazda imperialist siyasəti” mövzusunda mühazirə oxuyub - FOTOSESSİYA

Gürcüstanın sabiq müdafiə naziri azərbaycanlı tələbələrə “Kremlin Qafqazda imperialist siyasəti” mövzusunda mühazirə oxuyub - <span style="color: red;">FOTOSESSİYA
# 19 yanvar 2014 01:25 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın sabiq müdafiə naziri Dimitri Şaşkin Tiflisdə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının (GATA) ofisində “Kremlin Qafqazda imperialist siyasəti” mövzusunda mühazirə oxuyub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın ali məktəblərində təhsil alan gürcü və azərbaycanlı tələbələr, Azərbaycanın Gürcüstandakı səfirliyin əməkdaşı İlyas Məmmədov iştirak edib.

Tədbiri açan GATA-nın sədri Samirə İsmayılova sabiq müdafiə nazirini tələbələrə təqdim edib. Sonra Dimitri Şaşkin “Kremlin Qafqazda imperialist siyasəti” mövzusunda çıxış edib və tələbələri maraqlandıran sualları cavablandırıb.

D. Şaşkin çıxışında Azərbaycanın Cənubi Qafqazda əhəmiyyətli rol tutduğunu və getdikcə gücləndiyini, Rusiyanın Azərbaycanın neft və qazına böyük marağı olduğunu qeyd edib. O, hazırda Gürcüstanın və Azərbaycanın Rusiyadan asılı olmadığını bildirib: “Gürcüstanın və Azərbaycanın başına çox hadisələr gəlib. Biz çalışmalıyıq ki, bu hadisələr təkrarlanmasın. Azərbaycanın bütün Qafqazda həmişə əhəmiyyətli rolu olub. İkinci dünya müharibəsi zamanı Almaniya Sovetlər birliyinə soxulanda əsas məqsədlərdən biri Bakını ələ keçirmək idi. Burda söhbət Tiflisdən və ya İrəvandan getmirdi. Alman ordusunun Bakının neft və qazına, Xəzər dənizi kimi böyük xəzinə olan dənizə marağı çox idi. Gürcüstan isə yerləşdiyi təbiətə görə maraq cəlb edirdi. Bu iki ölkə həmişə Rusiya imperiyasının da əsas hədəfi olub. 1989-cu və 1990-cı illərdə baş verən 9 Aprel və 20 Yanvar hadisələri də məhz bunları sübut edir. Bu oyunlar və faciələr yenə təkrar ola bilər”.

Sabiq müdafiə naziri Ermənistanın bu yaxınlarda Rusiyanın tələsinə düşdüyünü bildirib: “Bu yaxınlarda arxasında Rusiya duran Avro-Asiya layihəsinə Ermənistan üzv oldu. Azərbaycan və Gürcüstan isə qəti şəkildə öz mövqelərini biıldirdilər və bunu qəbul etmədilər. Düşünürəm ki, Rusiya Avro-Asiya məsələsini Soçi olimpiyadasından sonra daha da alovlandıraraq gündəmə çıxaracaq, Gürcüstan və Azərbaycana təzyiq göstərəcək. Avro-Asiya ideologiyası həm də iqtisadiyyat baxımından Rusiya üçün çox lazımlı bir taktikadır. Rusiya üçün hər iki ölkədə qarışıqlıq və onların kasıb olması həmişə lazımdır. Lakin artıq Gürcüstan və Azərbaycan inkişaf edir”.

D. Şaşkin 9 aprel və 20 Yanvar hadisələrində Rusiya ssenarisi olduğunu bildirib: “Bu eyni xətt və ssenaridir, taktika müxtəlifdir. Bu əməliyyat zamanı güllələrdən istifadə ediblər. Bakıda baş verənlər təxribat idi. Rusiya bu hücumla demək istəyirdi ki, bu “ev”in sahibi kimdir. Ordu yüzlərlə insanı güllələdi. Tiflisdə 1989-cu il, Bakıda 1990-cı il 20 Yanvar hadisələri göstərdi ki, bu yol ilə insanları qorxutmaq olmaz. Bu 1938-ci il və 1954-cü il deyil.”

Rusiyanın Ermənistanda yerləşən Gümrü hərbi bazası barədə də fikirlərini açıqlayıb və son illər bu bazaya Rusiya tərəfindən 12 döyüş tankı və digər hərbi-sursat gətirildiyini bildirib.

APA-nın Gürcüstan bürosunun müxbirinin «Ermənistanda yerləşən Gümrü hərbi bazası Gürcüstana təhlükədirmi?» sualını cavablandıran sabiq müdafiə naziri Dimitri Şaşkin hərbi bazanın həm Gürcüstan, həm Azərbaycan, eyni zamanda İrana təhlükə olduğunu bildirib: “Öncə qeyd edim ki, bu hərbi baza qapalı bir hərbi obyektdir. Qarabağ müharibəsinin ilk günlərini xatırlayaq. Azərbaycan Ermənistanla vuruşmurdu. Gümrüdə xidmət edən güclü silahlarla silahlanan erməni əsilli əsgər və zabitlər Azərbaycan hərbçiləri ilə döyüşürdülər. Hərbi nöqteyi-nəzərdən deyə bilərəm ki, Gümrü hərbi bazası Rusiyanı müharibədən qoruya bilməz, Qafqazda isə təxribat törədə bilər. Bu baza bütün Qafqaza təhlükədir. Bazaya istər hücum və istərsə də müdafiə üçün T-82 tankları və C-200 raketləri gətirilib. Son anda bu hərbi baza Gümrüdə olan trotil bombasından istifadə edə bilər”.

Sabiq müdafiə naziri hazırda Azərbaycan prezidentinin apardığı xarici siyasəti bəyəndiyini bildirib: “Azərbaycan iqtisadiyyatı güclü şəkildə inkişaf edir. Ümidvaram ki, indi onun prezidentinin həyata keçirdiyi xarici siyasət nəticəsində gələcəkdə Qarabağ problemi mütləq həll ediləcək. İndi yalnız baş verəcək təxribatlardan qaçmaq lazımdır. Çünki elə insanlar var ki, bu problemin həll olunmasını istəmirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR