Rusiyada Azərbaycan vətəndaşının da daxil olduğu və terrorda günahlandırılan dəstənin cinayət işi üzrə məhkəmə başlayıb

Rusiyada Azərbaycan vətəndaşının da daxil olduğu və terrorda günahlandırılan dəstənin cinayət işi üzrə məhkəmə başlayıb
# 25 mart 2015 10:38 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. 2013-cü ilin dekabrında Rusiyanın Pyatiqorsk şəhərində terror aktı törətməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, Pyatiqorsk şəhər Məhkəməsində keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttiham aktına əsasən Rusiya İstintaq Komitəsinin Şimali Qafqaz federal dairəsi üzrə Baş İstintaq İdarəsi tərəfindən “Vilayət Dağıstan” terrorçu icmasının tərkibinə daxil olan “Xasavyurt sektoru” bandasının üzvləri, təqsirləndirilən şəxslər Murad Atayev, Şamil Abduləzizov, Ramazan Xəlilov, Vladimir Xalizov, Maqomed İbrahimov və Şamil Qazımaqomedov terrorçuluq, quldurluq, terror aktı törətmə və qanunsuz silah gəzdirmə maddələri ilə ittiham edilirlər.

Adları çəkilən şəxslər 2013-cü il dekabrın 27-də Pyatiqorsk şəhərində Baş Dövlət Yol Polis İdarəsinin yaxınlığında terror aktı törətməkdə təqsirləndirilir. İstintaqın versiyasına görə, 2013-cü ilin oktyabr-dekabr aylarında “Xasavyurt sektoru” bandasının başçısı, “Yəhya” ləqəbli Tural Atayev polis binasının yaxınlığında avtomobili partlatmaqla terror törətməyi planlaşdırıb. İstintaqla müəyyən olunub ki, 2013-cü il dekabrın 27-də cinayətkar dəstənin üzvləri mobil telefon vasitəsilə 50-60 kiloqram trotil ekvivalentinə bərabər partlayıcı qurğunu işə salıblar. Partlayıcı qurğu Pyatiqorsk Baş Dövlət Yol Polisi İdarəsinin binası yaxınlığında park edilmiş avtomobilin yük yerində quraşdırılıb. Terror hadisəsi nəticəsində 3 nəfər ölüb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terroru törətməkdə şübhəli bilinən şəxslər yaxalanıblar. Cinayətkar dəstənin başçısı Tural Atayev, üzvləri Marat İdrisov və Siracuddin Çerkesov xüsusi əməliyyat zamanı öldürülüblər.

İstintaqın ittihamı ilə yalnız iki nəfər - Murad Atayev və Şamil Abduləzizov razılaşıb, digər təqsirləndirilənlər isə onlara qarşı irəli sürülən ittihamlarla razılaşmayıblar. Proses davam etdirilir.

Qeyd edək ki, “Xasavyurt sektoru” bandasının başçısı, 1988-ci il təvəllüdlü Tural Atayev Azərbaycan vətəndaşıdır. O, 2014-cü ilin martında Rusiya Federal Təhlükəsizlik Xidmətinin və DİN-in xüsusi təyinatlı dəstəsinin Xasavyurt rayonunun Pervomayski kəndində keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb. T. Atayev Balakən rayonunda olub.

Pyatiqorskda terror törətməkdə təqsirləndirilən şəxslərdən biri olan Murad Atayev də Azərbaycan vətəndaşdır. Onun Azərbaycan vətəndaşı olması barədə məlumatı Rusiya Milli Antiterror Komitəsi yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR