Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Bakcell” şirkəti daha geniş əhatə dairəsi və daha yüksək ötürmə qabiliyyətinə malik ən etibarlı şəbəkə qurmaq üçün şəbəkənin yenilənməsi və unifikasiyası layihəsi çərçivəsində həyata keçirdiyi genişmiqyaslı işlərin başa çatdırıb.
“Bakcell” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu layihə Azərbaycanda və ümumiyyətlə, dünya üzrə simsiz rabitə sənayesində indiyə qədər həyata keçirilmiş ən kompleks və mürəkkəb layihələrdən biri hesab edilir.
Layihənin həyata keçirilməsində “Bakcell” şirkətinin əsas məqsədi abunəçiləri keyfiyyət, sürət və sabitlik baxımından ən üstün təcrübə ilə təmin etməkdir. “Bakcell” şirkətinin şəbəkəsi yeni və innovativ xidmətləri daha az istismar xərcləri ilə dəstəkləyəcək. Şirkətin yenilənmiş şəbəkəsi abunəçilərə daha yüksək sürətli (Azərbaycanda mövcud olan mobil şəbəkələr arasında ən yüksək) internet xidməti vasitəsilə HD səs və video kimi innovativ xidmətlər təqdim edəcək.
Son 24 ay ərzində şirkət öz mobil rabitə şəbəkəsini müasirləşdirərək xüsusilə rayonlarda 3G baza stansiyalarının sayını 100% artırıb. Bu isə öz növbəsində şəbəkənin ötürücülük qabiliyyətini 72% gücləndirib, 3G şəbəkəsinin əhatə dairəsi əhali üzrə 14%, ərazi üzrə isə 27% genişləndirilib.
Bu gün Azərbaycanda ən iri şəbəkəyə malik olan “Bakcell” şirkəti 5300-dən çox 2G, 3G və 4G baza stansiyaları sayəsində bütün ölkə ərazisində, o cümlədən ən ucqar ərazilərdə Bakcell abunəçilərini yüksək keyfiyyətli mobil rabitə xidməti ilə təmin edir. “ Bakcell” şirkəti üçün bölgələrdə əhatə dairəsinin genişləndirilməsi olduqca vacibdir, buna görə də şirkət tərəfindən xüsusi olaraq kənd yerlərində şəbəkənin əhatə dairəsini genişləndirmək, penetrasiya göstəricilərini və müvafiq müştəri təcrübəsini yüksəltmək üçün nəzərdə tutulmuş 275 3G baza stansiyası quraşdırılıb.
Müasirləşdirmə layihəsi çərçivəsində “Bakcell” şirkəti 697 2G və 123 3G baza stansiyasının avadanlığını son texnologiyaları dəstəkləyən ən müasir avadanlıqla əvəz edib. Yüksək keyfiyyətli son nəsil data xidmətlərində istifadə olunan yüksək məlumatötürmə qabiliyyətini dəstəkləmək və abunəçilərə 3G DC-HSPA şəbəkəsində 42 Mbps qədər sürət, LTE-A şəbəkəsində isə 225 Mbps qədər sürət təmin etmək məqsədilə radiotezlik spektri ən optimal şəkildə yenidən təşkil və refarminq edilib.
“Heç bir şəbəkə abunəçilərini bu dərəcədə yüksək sürət və müfəssəl əhatə dairəsi ilə təmin edə bilmir. Biz xüsusilə 3G və 4G+ üzərindən yüksək sürətli mobil internet dünyası xidmətlərinin əlçatan olması üçün şəbəkəmizi yenilədik. “Bakcell” yüksək sürətli internet xidməti vasitəsilə bu xidmətlərin abunəçilərə təqdim olunması üçün daha geniş spektrə malikdir. Daha sadə şəkildə desək, bizim şəbəkəmiz daha sürətli və daha yaxşıdır”,- deyə “Bakcell” şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
“Layihə telekommunikasiya sahəsində aparıcı xidmət təchizatçıları olan “Nokia Solutions and Networks” və “Huawei Technologies” şirkətlərinin texnologiya və qlobal təcrübəsindən istifadə etməklə həyata keçirilib. Biz inanırıq ki, şəbəkə resurslarının unifikasiyası layihəsinin təmin etdiyi daha yaxşı əhatə dairəsi, yüksək ötürmə qabiliyyəti, sabitlik və texnologiyalar Bakcell abunəçilərinə göstərilən xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəltməklə bərabər, həm də Bakcell mobil rabitə şəbəkəsində təklif olunan yeni mütərəqqi xidmətlərin göstərilməsi üçün möhkəm və uyğunlaşa bilən bir baza yaradacaq”,- deyə “Bakcell” şirkətinin baş texniki direktoru cənab Yiğit Berktaş bildirib.