Azərbaycan prezidenti: "Ölkəmizi daha da gücləndirməliyik, insanların daha da yaxşı həyatını təmin etməliyik”

Azərbaycan prezidenti: "Ölkəmizi daha da gücləndirməliyik, insanların daha da yaxşı həyatını təmin etməliyik”
# 11 aprel 2015 21:46 (UTC +04:00)

Bakı-APA. “Bizim böyük enerji resurslarımız, neft–qaz yataqlarımız var. Bu gün bunlar Azərbaycan xalqına xidmət edir və dünya miqyasında öz rolunu oynayır”. APA-nın xəbərinə görə, bunu ötən gün Azərbaycan prezident İlham Əliyev Lənkəranda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısı Azərbaycanın eyni zamanda gözəl təbii şəraitə malik olduğunu qeyd edib: “Lənkəran kimi gözəl məkanımız var. Digər bölgələrdə də təbii şərait unikaldır. Xoşbəxtik ki, belə gözəl ölkədə yaşayırıq - 9 iqlim qurşağı, hər cür təbii şərait, münbit torpaqlar, dağlar, çaylar, Xəzər dənizi, bulaqlar var. Yəni, bu, böyük sərvətdir və biz bu sərvətdən səmərəli şəkildə istifadə edirik”.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan müstəqil dövlətdir və öz taleyini özü müəyyən edir: “Azərbaycan xalqı da görür ki, biz ancaq müstəqillik dövründə yaxşı yaşaya bilərik. Biz əsrlər boyu müstəqillikdən məhrum idik və Azərbaycan xalqı öz potensialını tam realizə edə bilmirdi. İyirmi üç ildir ki, müstəqil dövlət kimi yaşayırıq və bu gün çiçəklənən Azərbaycan bu müstəqilliyin bəhrəsidir. Biz müstəqilliyi qoruyuruq, qoruyacağıq. Bizim yolumuz inkişaf yoludur, ölkəmiz inkişafdadır, hər bir bölgə inkişafdadır”.

Dövlət başçısı Lənkəranın turizm potensialından da maksimum dərəcədə istifadə edilməsinin vacibliyini vurğulayıb: “Çünki Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır, indi 2 milyondan çoxdur. Lənkəran Beynəlxalq Aeroportu da bir vasitə olacaq ki, biz xarici turistləri cəlb edək. Daxili turizm də inkişaf etməlidir. Təkcə bu məqsədlə yox, eyni zamanda, ölkəmizi gənclər daha yaxşı tanısınlar deyə, biz indi “Ölkəmizi tanıyaq” proqramını icra edirik. Müxtəlif bölgələrdən gənclər Lənkərana, Lənkərandan isə başqa zonalara səfərlər edirlər. Gələcəkdə bu, daxili turizmin inkişafına da təsir göstərəcək. Yəni, təbii sərvətlərimizdən səmərəli şəkildə istifadə edərək ölkəmizi daha da gücləndirməliyik, insanların daha da yaxşı həyatını təmin etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR