Azərbaycanın maliyyə naziri Dehlidə AİB-in prezidenti ilə görüşüb - FOTO

Azərbaycanın maliyyə naziri Dehlidə AİB-in prezidenti ilə görüşüb - <span style="color: red;">FOTO
# 06 may 2013 11:35 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Dehlidə Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının 46-cı illik toplantısı başa çatıb.

Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti sözügedən tədbirdə iştirak edib.

«İnkişafa təkan verək» devizi altında keçirilən illik toplantının əsas mövzusu inkişaf etməkdə olan Asiya regionunun hərtərəfli və yüksək tərəqqisinə nail olmaqdır. Toplantının rəsmi açılış mərasimində Hindistanın baş naziri Manmohan Sinqh və AİB-in yeni prezidenti Takehiko Nakao çıxış ediblər. Asiya və Sakit Okean hövzəsi ölkələrinin üzləşdiyi problemlərə toxunan natiqlər davamlı iqtisadi inkişaf, sosial məsələlərin həlli, yoxsulluğun aradan qaldırılması istiqamətində atılan addımlardan bəhs edib. Qeyd olunub ki, son bir neçə onilliklər ərzində nəzərəçarpan tərəqqiyə nail olunsa da, bütövlükdə Asiya ölkələrində hələ də həlli vacib olan bir sıra məsələlər var. Region ölkələrində ümumilikdə 800 mln-dan çox insan mütləq yoxsulluq içində yaşayır.

Həmçinin iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, inkişaf etməkdə ölkələrə dəstək, gender bərabərliyi, regional inteqrasiya kimi mövzulara da toxunan T.Nakao region ölkələrində hərtərəfli tərəqqi və artımın təmini üçün vacib olan özəl sektorun inkişafı, ekologiya, əməkdaşlıq və inteqrasiyanın AİB-in 2020-ci il Strategiyasının əsas çağırışı olduğunu vurğulayıb. AİB prezidenti kimi hədəflərini də açıqlayan T.Nakao bildirib ki, fəaliyyəti boyunca xüsusilə qlobal iqtisadi məsələlərə diqqət artırılacaq və inkişaf yönümlü region ölkələrin tərəqqisinə Bankın verdiyi töhfələr davam edəcək.

Bankın Direktorlar Şurası AİB-in 2012-ci il üzrə illik hesabatının müzakirəsi, maliyyə hesabatlılığına və müstəqil auditorların rəylərinə daxili nəzarət üzrə İdarə Heyətinin hesabatı, 2013-cü il üçün büdcənin təsdiqi, Asiya və Sakit Okean hövzəsi ölkələrinin üzləşdiyi problemlər, xüsusilə yoxsulluğun aradan qaldırılması və digər məsələlərə baxaraq müvafiq qərarlar qəbul edib.

Bankın 67 üzv ölkəsini təmsil edən Direktorlar Şurasında təmsil olunan nümayəndə heyətlərinin rəhbərləri bank tərəfindən 2012-ci ildə görülən işləri yüksək qiymətləndirərək, inkişaf etməkdə olan ölkələrə bundan sonra da inkişaf yönümlü kreditlərin verilməsi və texniki yardımların göstərilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycanı toplantıda ölkənin maliyyə naziri, AİB-in Direktorlar Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbir çərçivəsində S.Şərifov bir sıra işgüzar görüşlər keçirib. AİB-in prezidenti T.Nakao, bankın vitse-prezidenti Siaoyu Jao, Mərkəzi və Qərbi Asiya Departamentinin direktoru Klaus Gerhauzer ilə ayrı-ayrılıqda keçirilən görüşlərdə AİB tərəfindən Azərbaycanda maliyyələşdirilən layihələrin hazırkı icra vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər Azərbaycan ilə AİB arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb, mövcud kredit portfelinin qiymətləndirilməsi, ölkənin AİB ilə birgə həyata keçirdiyi su, nəqliyyat və digər infrastruktur layihələri barədə müzakirə aparıblar. Eyni zamanda görüşdə AİB-in Direktorlar Şurasının 2015-ci ilin may ayında Bakı şəhərində keçiriləcək 48-ci illik iclası ilə bağlı təşkilati məsələlər barədə fikir mübadiləsi aparılıb. AİB rəsmiləri Bakı şəhərinin bankın Direktorlar Şurasının illik iclasına layiqincə ev sahibliyi edərək AİB-in etibarlı tərəfdaşı olduğunu bir daha sübut edəcəyinə əminliyini ifadə ediblər.

S.Şərifov Azərbaycan hökumətinin AİB-in Direktorlar Şurasının 2015-ci ilin may ayında Bakı şəhərində keçiriləcək illik iclasının yüksək səviyyədə təşkili üçün müvafiq işlər gördüyünü diqqətə çatdırıb. Azərbaycanın ev sahibi kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini bildirən nazir qeyd edib ki, ölkənin bu sahədəki təcrübəsi, Bakı şəhərində yaradılmış yüksək standartlara uyğun infrastruktur, siyasi sabitlik bu cür əhəmiyyətli tədbirləri keçirməyə tam imkan verir.

Bundan başqa, nazir S.Şərifov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə strategiya və əməliyyatlar direktoru Laura Tak, Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Mustafa Boran, Gürcüstanın maliyyə naziri Nodar Xaduri ilə işgüzar görüşlər keçirib. Görüşlərdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, birgə layihələrin həyata keçirilməsi imkanları, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR