ABŞ Konqresinin binasında “Azərbaycan mədəniyyətinə səyahət” tədbiri keçirilib

ABŞ Konqresinin binasında “Azərbaycan mədəniyyətinə səyahət” tədbiri keçirilib
# 23 oktyabr 2015 09:35 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. ABŞ Konqresinin binasında www.AzerbaijaniArtifacts.com virtual sərgisinin başlanmasına həsr edilmiş “Azərbaycan mədəniyyətinə səyahət” adlı tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilati köməyi ilə “Qarabağ” Fondu tərəfindən keçirilən tədbirdə Azərbaycanın mədəni irsinin artefaktları təsvir olunmuş fotoplakatlar, tarixi xəritələr və Ermənistan-Azərbaycan münaqişəsi dövründə məhv edilmiş eksponatlar nümayiş etdirilib.

Sərgidə həmçinin layihə iştirakçılarının və ABŞ-ın azərbaycanlı icmasının nümayəndələrinin vətənlə bağlı duyğularını ifadə edən sözlər yazılmış “Mən azərbaycanlıyam” layihəsinin plakatları yer alıb.

Tədbirdə Vaşinqtonda fəaliyyət göstərən “Qarabağ” Fondunun icraçı direktoru Diana Altman, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış ediblər.

Səfir qeyd edib ki, Azərbaycan Şərqlə Qərb arasında mədəni körpü, mədəniyyətlərarası dialoqun inkişafına sanballı töhfə verən bir ölkədir.

Smitson İnstitutu yanında Asiya Mədəniyyət Tarixi Proqramının direktoru Pol Maykl Teylor tədbir iştirakçılarına özünün arxeoloji araşdırmaları və tapıntıları, bu artefaktlara həsr edilmiş “Boru kəmərləri dəhlizində keçmiş və gələcək irs: Azərbaycan, Gürcüstan, Türkiyə” kitabı barədə məlumat verib. O, kitabın bir nüsxəsini Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova təqdim edib.

Gecə muğam ifaçısı İmamyar Həsənovun çıxışı ilə davam edib.

Tədbirdə Vaşinqtondakı diplomatik nümayəndəliklərin, ABŞ Konqresinin və Amerika paytaxtındakı analitik mərkəzlərin təmsilçiləri, habelə ABŞ-ın azərbaycanlı, türk və yəhudi icmalarının nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR