Dövlət Komitəsi: Azərbaycanda insan alverinə qarşı mübarizədə kəskinləşmiş statistika yoxdur

Dövlət Komitəsi: Azərbaycanda insan alverinə qarşı mübarizədə kəskinləşmiş statistika yoxdur
# 17 iyul 2014 08:06 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Azərbaycanda bu gün insan alverinə qarşı mübarizədə irəliləyiş müşahidə edilir, heç bir kəskinləşmiş statistika yoxdur”. Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova deyib.

V.Möhsümova bir çox təşkilatların sosioloji sorğular və araşdırmalar aparmasına da münasibət bildirib: “Hesab edirəm ki, hansısa qurumun fikri ilə bir dövlət haqqında rəy yaratmağın özü düzgün yanaşma deyil. “Bu sahədə Azərbaycanda heç də problem yoxdur” demək də düzgün olmazdı, amma bizdə vəziyyət faciəli şəkildədir demək də tamamilə yanlış fikirdir”.

Hələlik 2014-cü ilə aid olan statistik rəqəmlərin açıqlanmadığını söyləyən Komitə rəsmisi bildirib ki, 2012-ci ildə insan alverinin qurbanlarının sayı 89, 2013-cü ildə isə 80 nəfər olub: “Bu da onu göstərir ki, ildən-ilə azalma müşahidə olunur. Əvvəllər ola bilsin ki, hansısa hallar olurdu, amma son illər bu sahədə ardıcıl olaraq çox ciddi tədbirlər həyata keçirilir və nəticə də ürəkaçandır”.

V.Möhsümova onu da əlavə edib ki, məişət zorakılığının qarşısının alınması üçün də Komitə tərəfindən davamlı olaraq işlər aparılır: “Artıq uzun müddətdir bütün regionlarda müxtəlif maarifləndirici kampaniyalar, tədbirlər keçirilir. Hətta Komitə bu fəaliyyətə QHT-ləri də cəlb edib. Eyni zamanda hüquq-mühafizə orqanları da, aidiyyəti üzrə müvafiq İcra Hakimiyyətləri də bu işlərə cəlb olunub. Əsas məqsəd məişət zorakılığı ilə birgə mübarizənin aparılmasıdır. Qarşıya qoyulan məqsədə çatmaq üçün prioritet insanların maarifləndirilməsidir. Hər hansı problemin həlli üçün şüurlu şəkildə yanaşma lazımdır. Əgər şüurlu şəkildə yanaşma olursa, o zaman daha effektiv nəticələr əldə etmək olur. Təəssüflər olsun ki, məişət zorakılığı elə bir faktdır ki, heç bir yerdə bunun konkret statistikasını da aparmaq olmur. Məişət zorakılığının hədəfi əksər hallarda zəif məxluqlar olduqları üçün qadınlar və uşaqlar olur. Çox vaxt da qadınlar bunu bildirmək istəmirlər. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Bəzən mentalitet məsələsini əsas gətirir, ətrafdakı insanlardan çəkinirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR