Azərbaycanda şirin su ehtiyatları ilə bağlı əsas problemlər açıqlanıb

Azərbaycanda şirin su ehtiyatları ilə bağlı əsas problemlər açıqlanıb
# 10 noyabr 2014 14:10 (UTC +04:00)

Bakı. Ramiz Mikyaıloğlu - APA. “Azərbaycanın əkinə yararlı torpaqlarından məhsul götürmək üçün suvarılmasına ehtiyac var. Ona görə də su çox vacibdir”.


APA-nın məlumatına görə, bunu bu gün “Bakı Elm Festivalı-2014” çərçivəsində “Azərbaycan Respublikasının su ehtiyatları və su təhlükəsizliyi” mövzusunda çıxış edən Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin dekanı Fərda İmanov söyləyib.


F.İmanov deyib ki, Azərbaycanın su ehtiyatları elə də yaxşı səviyyədə deyil: “30,9 kub km su ehtiyatlarımız var və bu, bizə bəs edir. Ancaq təhlükə odur ki, bu su ehtiyatlarının 70 faizi qonşu ölkələrin ərazisindən gəlir. Ermənistan, Gürcüstan kimi qonşularımız kasıbdırlar, hidrotexniki qurğular, su anbarları tikə bilmirlər. Ancaq Türkiyədə, İranda bu sahədə böyük layihələr həyata keçirilir. Hətta İran Azərbaycanın işğal olunmuş ərazisində artıq Xudafərin su anbarı tikib su ilə doldurur, Qız qalası su anbarını da tikir. Torpaqlarımız işğaldan azad olunanda bu anbarlardan birgə istifadə edəcəyik”.


F.İmanov qeyd edib ki, Azərbaycan hökuməti üçün su məsələsi diqqət mərkəzindədir: “Son illər bu sahəyə milyardlarla manat investisiya qoyulub. Keçən ilin dekabr ayında Taxtakörpü su anbarı istifadəyə verilib, Ceyranbatan-Taxtakörpü su kanalı çəkilib. Bu ilin dekabr ayında Kür çayı üzərində Seyfəli su anbarı istifadəyə veriləcək. Bu, torpaq-bənd deyil, beton bəndlə yaradılır, seysmik məqamlar nəzərə alınıb. Tovuzçay və Zəyəmçay üzərində də su anbarı tikiləcək”.


F.İmanov qonşu ölkələrdən Azərbaycana gələn çayların qonşu ölkələrdən çirklənmiş vəziyyətdə daxil olduğunu vurğulayıb: “Gürcüstanda beynəlxalq təşkilatların dəstəyi ilə Ermənistan və Azərbaycan ekoloqlarının da iştirakı ilə tədbirlər keçirilir. Ermənistan və Gürcüstan deyir ki, çirkab sutəmizləyici qurğular tikməyə imkanları yoxdur. Digər tərəfdən, çaylarımızın çirkləndirilməsində bizim də rolumuz böyükdür. Azərbaycanda hazırda çirkab sutəmizləyici qurğular tikilir. Bu qurğular istifadəyə veriləndən sonra Azərbaycanın özündə suların çirklənməsi səviyyəsi çox aşağı düşəcək. Çünki bu qurğular Avropa standartlarına uyğun tikilir. Bu layihələr çox bahalı layihələrdir, layihələrin bir qismini Azərbaycan hökuməti, bir qismini isə Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatlar maliyyələşdirir”.


F.İmanov bildirib ki, 1 kub km su əldə etmək üçün 50-80 milyon dollar pul xərcləmək lazımdır: “Məsələn, Mingəçevir su anbarının həcmi 16 kub km-dir. Əgər biz su anbarı vasitəsilə 1 kub km su əldə etmək istəyiriksə, 50-80 milyon dollar vəsait lazımdır. Bu günə qədər Azərbaycanda 140-a qədər su anbarı tikilib, bu anbarlarda cəmi 20-21 kub km su toplanıb”.


F.İmanov yeni su mənbələri kimi Xəzər dənizinin suyunun şirinləşdirilməsi, o cümlədən kollektor sularının şirinləşdirilməsi ola biləcəyini nəzərə çatdırıb. O, Azərbaycanda su itkilərinin çox böyük olduğunu söyləyib: “Aparılan hesablamalara görə, bizim əkinlərin suvarılması ilə bağlı su itkilərimiz 40 faizdir. Bunun da səbəbi odur ki, su kanallarımız torpaq kanallardır. Bu kanallar həm də torpaqların şoranlaşmasına yol açır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR