“Bank VTB (Azərbaycan)”ın “Nərimanov” filialı mənfəətini üç dəfə artırıb

“Bank VTB (Azərbaycan)”ın “Nərimanov” filialı mənfəətini üç dəfə artırıb
# 13 dekabr 2014 09:37 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin əvvəlindən “Bank VTB (Azərbaycan)”ın “Nərimanov” filialının kredit portfeli 50%-dən çox artıb.

Bankdan “APA-Economics”ə verilən məlumatda bildirilir ki, dekabrın 1-i tarixinə olan məlumata görə, kredit portfelinin həcmi 11,6 mln. manat təşkil edib. Filialın kredit portfelində istehlak kreditlərinin həcmi təxminən 10 mln. manat olub. İstehlak kreditlərinin əsas hissəsi nağd və avtomobil kreditlərinin payına düşüb - müvafiq olaraq 54% və 29%.

"Bu il ərzində filialımız iqtisadiyyatın real sektorunun kreditləşməsi istiqamətində böyük iş aparıb. 1 dekabr 2014-cü il tarixinə filial tərəfindən kiçik sahibkarlığın inkişafına 1,7 milyon manat ayrılıb. Beləliklə, ilin əvvəlindən kiçik biznes subyektlərinin kreditləşməsi 1,8 dəfə artıb", - deyə filialın direktoru Fərid Mansurov bildirib.

Filial depozit portfeli üzrə də göstəricilərini artırıb. Belə ki, dekabrın 1-i tarixinə depozit portfelinin həcmi təxminən 429 min manat təşkil edib.

Hesabat dövründə filialın mənfəəti isə illik müqayisədə 2,7 dəfə artaraq 1,2 mln. manat olub.

Qeyd edək ki, filial əhalinin sıx məskunlaşdığı rayonlardan birində, Nəriman Nərimanov metro stansiyası yaxınlığında yerləşir. Filial həm fiziki, həm də hüquqi şəxslərə geniş spektr bank xidmətləri təqdim edir.

"Bank VTB (Azərbaycan)"ın "Nərimanov" filialı 11 dekabr 2012-ci ildə açılıb və bu günlərdə fəaliyyətinin ikiilliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR