Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatında tədbir keçirilib - FOTO

Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatında tədbir keçirilib - <span style="color: red;">FOTO
# 25 fevral 2013 07:20 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş qərargahında ilk dəfə olaraq Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş geniş anım mərasimi keçirilib. Tədbir Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyi tərəfindən təşkil olunub. Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə İƏT-in baş katibi Ekmeleddin İhsanoğlu, İslam İnkişaf Bankının (İİB) prezidenti Əhməd Məhəmməd Əli Əl-Mədəni, İƏT baş katibliyi və İİB-in məsul əməkdaşları, İƏT-ə üzv dövlətlərin nümayəndələri, Ciddədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri (Baş konsullar), eləcə də burada yaşayan Azərbaycanlılar və KİV nümayəndələri ilə birgə 100 nəfərə yaxın qonaq iştirak edib. Təbdir zalında Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsini əks etdirən ərəb və ingilis dillərində nəşr edilmiş kitablar, Xocalıya həsr olunmuş “İRS (Heritage)” jurnallının sonuncu xüsusi buraxılışı, eləcədə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ haqqında həqiqi faktlar” və “Xocalı Soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda)” adlı kitabçalar və disklər (CD) iştirakçılara təqdim edilmiş, habelə, Azərbaycan və Qarabağın xəritələrini əks etdirən guşə yaradılaraq nümayiş edilib.

Tədbiri giriş sözü ilə açan E. İhsanoğlu Xocalı faciəsi haqqında danışıb və həmin qətliam zamanı həyatını itirmiş bütün insanların və qəhrəmanların xatirəsini yad edib. Erməni silahlıları tərəfindən törədilmiş bu vəhşiliyi qətiyyətlə pisləyən və qınayan baş katib bildirib ki, İƏT Xarici İşlər Nazirləri Şuralarında qəbul edilmiş müvafiq qətnamələrdə, işğal edilmiş Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törədilən hərəkətlər insanlıq əleyhinə cinayət kimi qəbul edilib. Eyni zamanda E. İhsanoğlu Azərbaycanın bu haqq işində daima Azərbaycan xalqının yanında olduqlarını vurğulayıb və bir daha təşkilatın və öz şəxsi dəstəyinin hər zaman davam edəcəyini ifadə edib.

Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri və eyni zamanda İƏT yanındakı daimi nümayəndəsi Rasim Rzayev, ilk öncə dünya müsəlman xalqları arasında birlik və həmrəylik yaradan, onların problemlərinin həlli istiqamətində çalışan və hər zaman kömək əlini uzadan İslam Əməkdaşlıq Təşkilatına və onun baş katibi E.İhsanoğluya Azərbaycanın qanlı günlərindən biri sayılan, Dağlıq Qarabağda Xocalı şəhərində törədilən soyqırımına həsr olunmuş tədbirin İƏT baş katibliyində keçirilməsinə görə və bu kədərli günü bölüşmək üçün salona toplanan bütün iştirakçılara öz təşəkkürünü bildirib.

Çıxışın sonunda Səfir Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşəti ilə dünya ictimaiyyətinə çatdırmaq, bunun Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasəti kimi tanınmasına nail olmaq, beynəlxalq hüquqi-siyasi qiymət vermək, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının cəzalandırmaq, insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə də təkrar olunmaması üçün mühüm şərt olduğunu vurğulayıb.

Daha sonra söz alan İİB prezidenti Əhməd Məhəmməd Əli Əl-Mədəni Xocalı faciəsindən dərin kədərləndiyini bildirmiş və faciəni kəskin şəkildə qınayaraq, Azərbaycan xalqı və hökumətinə daima dəstək olacaqlarını ifadə edib.

Son olaraq çıxış edən Pakistanın Ciddədəki Baş Konsulu faciənin 20-ci əsrin ən dəhşətli insan qırğınlarından biri kimi qeyd etmiş və Pakistan dövlətinin Azərbaycanla həmrəylik nümayiş etdirərək, bu faciənin Pakistan parlamenti tərəfindən soyqırımı kimi qəbul etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda isə iştirakçılar "Xocalı uşaqların gözü ilə" başlığı altında olan rəsm sərgisi, Xocalı soyqırımını əks etdirən və "Xocalıya ədalət" kampaniyası çərçivəsində Azərbaycanda və dünya ölkələrində İslam Konfransı Gənclər Forumu tərəfindən keçirilmiş tədbirlərdən fotoşəkillər ilə tanış olublar.

Həmçinin, Dağlıq Qarabağ münaqişəsi, xüsusilə də Xocalı soyqırımına həsr olunmuş kitab və jurnallar, Səfirliyin press-relizi, İKGF Mədəniyyətlərarası Dialoq üzrə əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş "Xocalıya ədalət!" beynəlxalq kampaniyasına dair materiallar mərasim iştirakçılarına paylanılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR