ABŞ-ın Texas ştatında Azərbaycan-ABŞ Dostluq Günü qeyd olunub

ABŞ-ın Texas ştatında Azərbaycan-ABŞ Dostluq Günü qeyd olunub
# 07 mart 2013 22:16 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti martın 6-da Texas ştatının paytaxtı Ostin şəhərində ştatın qanunverici və icraedici orqanlarının nümayəndələri ilə bir sıra görüşlər keçirib. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinin tərkibinə, millət vəkilləri Sevinc Fətəliyeva, Sahibə Qafarova, Asim Mollazadə və ARDNŞ-ın vitse-prezidenti Xaliq Məmmədov, həmçinin səfir Elin Süleymanov daxil olub.

Məlumatda bildirilir ki, ilk olaraq, Texas ştatının yerli qanunvericilik orqanının hər iki palatasında Azərbaycanla Texas ştatı arasında əlaqələrin hazırkı durumu və qarşılıqlı səfərlərin mübadiləsini dəstəkləyən qətnamə qəbul olunub. Daha sonra Senatın sədri, eləcə də ştatın vitse-qubernatoru Deyvid Dyuhorst nümayəndə heyətinin şərəfinə rəsmi nahar verib. Çoxsaylı konqresmen və senatorların qatıldığı nahar zamanı çıxış edən millət vəkili Səməd Seyidov Azərbaycanın ABŞ-la həm federal, həm də yerli səviyyədə əməkdaşlıq münasibətlərinin davam etdirilməsinin qarşılıqlı faydalı olduğunu bildirib, bu səpkidə həyata keçirilən səfər mübadilələrinin münasibətlərin daha dərinləşməsində xüsusi rolu olduğunu qeyd edib.

Vitse-qubernator D.Dyuhorst son zamanlar Texas ştatı ilə Azərbaycan arasında münasibətlərin yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edərək, xüsusilə enerji sektorunda əlaqələri yüksək qiymətləndirdiyini vurğulayıb.

Tədbirdə çıxış edən səfir Elin Süleymanov Texas ştatı ilə Azərbaycan arasında münasibətlərin hələ ölkəmizin müstəqilliyinin bərpasından öncə qurulduğunu, bu xüsusda Hyuston şəhəri ilə Bakı şəhəri arasında qardaşlaşma münasibətlərinin gələcək əməkdaşlıq üçün münbit zəmin yaratdığını qeyd edib.

Tədbirin sonunda ştatın Nümayəndələr Palatasının üzvü Mira Kraunover (Myra Crowner) tərəfindən bir zamanlar Konqres binasının üzərində dalğalanmış Texas ştatının bayrağını səfir E.Süleymanova təqdim edib. Öz növbəsində, diplomat Azərbaycan Respublikasının üçrəngli bayrağını M.Kraunoverə təqdim edib və bayrağımızın tarixi barəsində qonaqları məlumatlandırıb.

Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin şərəfinə Texas ştatının birinci xanımı, qubernator Rik Perrinin xanımı Anita Perri tərəfindən qubernatorun iqamətgahında rəsmi ziyafət verilib. A.Perri 2008-ci ilin iyun ayında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusuna həsr olunmuş beynəlxalq Forumda iştirak etdiyini bildirərək, Azərbaycanla bağlı xoş xatirələrini bölüşüb. A.Perri Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşünü xüsusi qeyd edərək, bu görüşdən zəngin təəssüratlarla ayrıldığını bildirib və belə bir fürsəti olmasından məmnunluğunu ifadə edib.

Daha sonra çıxış edən qubernator R.Perri ştatın Azərbaycanla ABŞ arasında iqtisadi münasibətlərdə xüsusi yer tutdugunu, bu xüsusda ticarət dövriyyəsinin 25 faizinin Texasın payına düşdüyünü diqqətə çatdırıb və bu faktın məmnunluq doğurduğunu qeyd edib. Qubernator həmçinin Azərbaycanda mütəmadi səfərdə olan Texas nümayəndə heyətinin ölkəmiz haqqında xoş sözlər söylədiyini və onda ümumi təəssüratın formalaşdığını diqqətə çatdırıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri çıxışlarında Azərbaycanla ABŞ-ın ortaq dəyərlər paylaşdığını və bu səbəbdən strateji müttəfiqlər olduğunu bildirib.

Qeyd edək ki, sözügedən görüşlərdə Azərbaycan və türk icmasının üzvləri, Turkuaz Şurasının nümayəndələri və Hyuston-Bakı Qaradaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR