Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi qaydaları dəyişib

Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi qaydaları dəyişib
# 26 avqust 2014 08:51 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabinetinin “Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi Qaydaları və müddətləri”ndə dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik məhsul nümunələrinin tədqiqinin (sınağının) nəticələrinin məhsulun müəyyən edilmiş tələblərə uyğun olmadığını və bu uyğunsuzluğun insan həyatına və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratdığını və ya mühüm zərər vurduğunu müəyyən etdiyi hallarla bağlıdır.

İndiyə qədər xərclərin yoxlayıcı orqan tərəfindən məhsul nümunələrinin qanunsuz götürülməsi, o cümlədən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun ilə müəyyən edilmiş qaydalara əməl edilmədən götürülməsi ilə əlaqədar çəkilmədiyi hallarda sahibkar yoxlayıcı orqanın çəkdiyi xərclərin əvəzini ödəməyib. Dəyişikliyə əsasən bundan sonra xərclərin yoxlayıcı orqan tərəfindən məhsul nümunələrinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun ilə müəyyən edilmiş qaydalara əməl edilmədən götürülməsi ilə əlaqədar çəkildiyi hallarda sahibkar yoxlayıcı orqanın çəkdiyi xərclərin əvəzini ödəməyəcək.

Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna əsasən yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı aparılmalı, sahibkarın yoxlama ilə bağlı olmayan fəaliyyətinə müdaxilə edilməməli. yoxlama yoxlayıcı orqanın səlahiyyətinə uyğun olmalıdır. Məhsulun tədqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin götürülməsi məhsulun tədqiqi (sınağı) barədə qərarın qəbul edildiyi vaxtdan qırx səkkiz saatdan çox olmayan müddətdə həyata keçirilməlidir. Yoxlayıcı orqan məhsulun tədqiqi (sınağı) barədə qərarın nüsxəsini sahibkara təqdim etməli, məhsulun tədqiqi (sınağı) və bu məqsədlə məhsul nümunələrinin götürülməsi qaydası və bununla bağlı sahibkarın hüquq və vəzifələrini ona izah etməlidir. Məhsul nümunələri yoxlanılan sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə yoxlayıcı tərəfindən götürülməli və məhsul nümunələrinin götürülməsi aktı ilə rəsmiləşdirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR