«Rabitəbank» bəzi KİV-də yayılmış məlumatlarla bağlı açıqlama yayıb

«Rabitəbank» bəzi KİV-də yayılmış məlumatlarla bağlı açıqlama yayıb
# 15 mart 2013 09:23 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC bu günlərdə bəzi KİV-də bankın bir əməkdaşının qanunsuz əməllərinə dair yayılmış məlumatla bağlı açıqlama yayıb.

Bankdan «APA-Economics»ə təqdim olunan bəyanatda göstərilir ki, qeyd olunan şəxs həqiqətən də 2007-ci ilin fevral ayında mənzil almaq məqsədilə «Rabitəbank»a müraciət edib və ona 42 500 manat məbləğində ipoteka krediti verilib. Müştərinin təklifi ilə həmin kreditin təminatı kimi atası Sabir Nuru oğlu Quliyevə məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 106, mənzil 29 bankın xeyrinə ipoteka kağızı ilə yüklü edilərək dövlət qeydiyyatına alınıb. Hazırda bu kredit üzrə borcalan tərəfindən ödənişlər tam və vaxtında həyata keçirilir. 2009-cu il iyulun 15-də müştəri mənzili təmir etmək məqsədilə təkrarən kredit almaq üçün banka müraciət edib və ona 45 000 manat məbləğində kredit verilib. Müştəri tərəfindən yeni müqaviləsi üzrə götürdüyü 45 000 manat məbləğindən əsas kredit və faiz borcundan 33 884 manat məbləğini ödəməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini qalan hissədə tam və vaxtında icra etmədiyinə görə borcun məhkəmə qaydasında tutulması üçün müraciət olunub. Xətai rayon məhkəməsinin 2011-ci il 30 dekabr tarixli qətnaməsi ilə müştəridən «Rabitəbank»ın xeyrinə 25 162 manat məbləğin tutulması qət olunub. Qətnamə qanuni qüvvəsini alıb və icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilib. «Borcludan 25 162 manat məbləğində borcun tutulması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür», - deyə Bankın məlumatında bildirilir.

Bəyanatda həmçinin vurğulanır ki, hazırda «Rabitəbank» ASC beynəlxalq təcrübəyə malik menecerlər komandası tərəfindən idarə olunur və bank yüksək korporativ idarəetmə standartlarının tətbiqi üzrə uzunillik təcrübəyə malikdir. Beynəlxalq maliyyə strukturları ilə uğurlu əməkdaşlığı «Rabitəbank»ın şəffaflığının və beynəlxalq standartlara uyğunluğunun bariz göstəricisidir. «Standard & Poor’s» reytinq agentliyi tərəfindən 2010-cu ildə aparılmış araşdırmanın nəticələrinə əsasən, «Rabitəbank» Azərbaycanın 5 ən şəffaf bankları siyahısına daxil edilib. Ötən il isə «Ekonomist» jurnalının hazırladığı şəffaflıq üzrə ölkə banklarının renkinqində «Rabitəbank» birinci yeri tutub.

«Rabitəbank» ASC-nin rəhbərliyi bildirir ki, «Rabitəbank» dövlətin və vətəndaşların etibarını yüksək dəyərləndirir, tərəfdaşları və müştərilərinin etimadını doğrultmaq üçün müasir peşəkar bank standartlarına uyğun fəaliyyət göstərir: «Rabitəbank» 20 illik fəaliyyəti dövründə dövlətin mənafeyini hər zaman qoruyub, qanunlara ciddi əməl edib və əməl etməkdə davam edəcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR