Azərbaycanın Təbrizdəki baş konsulluğunda “Heydər Əliyev-90” adlı konfrans keçirilib

Azərbaycanın Təbrizdəki baş konsulluğunda “Heydər Əliyev-90” adlı konfrans keçirilib
# 23 aprel 2013 10:50 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Təbrizdəki baş konsulluğunda Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev-90” adlı konfrans keçirilib.

Baş konsulluqdan APA-ya verilən məlumata görə, konfransı vitse-konsul N.Orucəliyev açaraq konfransın keçirilməsi məqsədi və proqramı haqqında iştirakçılara məlumat verib, baş konsulluğun üçüncü katibi Şahin Əhmədov “Heydər Əliyevin həyat və fəaliyyəti” barədə məruzə ilə çıxış edib.

Təbriz Tibb Universitetinin tələbəsi İlkin Həsənov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda çıxış edərək Heydər Əliyevin gənclər siyasətinin əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olduğunu qeyd edib.

Konfransda həmçinin Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti”, “Heydər Əliyev və Azərbaycan-İran əlaqələri” mövzularında məruzə ilə çıxış edib, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra əsasını qoyduğu və apardığı xarici siyasət kursu nəticəsində Azərbaycanın öz müstəqilliyini və dövlətçiliyini möhkəmləndirdiyini vurğulayıb.

Çıxışlardan sonra konfrans iştirakçıları “Heydər Əliyev: Ömürdən səhifələr” adlı filmə baxıb, Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan həqiqətlərinə dair sərgilənən kitablarla tanış olublar. H.Əliyevin həyat və fəaliyyətinə dair fars dilinə tərcümə edilmiş əyani materiallar, eləcə də bir sıra kitab və jurnallar da konfrans iştirakçılarına paylanıb. Konfransda Türkiyənin Təbrizdəki baş konsulu və baş konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və şəhər ictimaiyyətin nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR