Azərbaycanda bəzi kommunal xidmətlər özəlləşdirilə bilər

Azərbaycanda bəzi kommunal xidmətlər özəlləşdirilə bilər
# 22 aprel 2013 10:26 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə iqtisadi məsələlər üzrə dövlət müşaviri Vahid Axundov bildirib.

Onun sözlərinə görə, bu sahədə əsas problemlər özünü maliyyələşdirmə, özünü idarəetmə və struktur dəyişiklikləri ilə bağlıdır: «Çünki indi dövlətin imkanları, vəsaitləri var və onlara çox böyük vəsaitlər verilir. Amma bu həmişə davam edə bilməz. Hesab edirəm ki, onlar artıq özünü maliyyələşdirmə, özünü idarəetmə və özünü inkişaf prosesinə keçməlidir. Bu sahədə islahatlar mütləq lazımdır».

Bunun nə vaxt baş verəcəyinə gəlincə, müşavir bildirib ki, bu sahədə çoxsaylı problemlər var. O cümlədən, yeni mexanizmlər elə olmalıdır ki, özünü inkişaf və özünü idarəetmə sistemi yaransın.

Müşavir kommunal sektorda islahatların qiymət artımına səbəb olmayacağını da bildirib. Onun sözlərinə görə, qiymətlərin artırılması ilə hansısa məqsədə nail olmaq mümkün deyil, əksinə, bu addım sosial təzyiq yarada bilər.

İslahatlar və struktur dəyişiklikləri nəticəsində isə bəzi sahələr özəlləşdirilə də bilər: «Məsələn, lift təsərrüfatı. Prinsipcə hamısı özəlləşdirilə bilər, yəni orada heç bir məhdudiyyət yoxdur ki, hansısa sahəni özəlləşdirmək olmaz».

V.Axundov qeyd edib ki, özəlləşdirmə nəticəsində rəqabətin yaradılması və özünü maliyyələşdirmə sisteminə keçid təmin ediləcək. Eləcə də, rəqabətin yaradılması qiymətlərin artmamasına və xidmətlərin keyfiyyətinin yüksəlməsinə imkan verəcək: «Digər tərəfdən də dövlətin bu sahəyə yatırdığı vəsaitlər özəlləşdirmə vasitəsilə geri qayıtmalıdır və dövlət bu vəsaitləri yeni sahələrə yönəltməlidir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR