Məhəmməd Xatəmi: “İslahatçıların İranı indiki vəziyyətdən çıxarmaq üçün proqramları var”

Məhəmməd Xatəmi: “İslahatçıların İranı indiki vəziyyətdən çıxarmaq üçün proqramları var”
# 12 mart 2013 10:53 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. “İyunun 14-də İranda keçiriləcək prezident seçkiləri önəmli məsələdir. Ancaq xalqın hakimiyyətini qəbul etmədən və buna şərait yaratmadan seçki keçirtmək mənasızdır”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bu barədə İranın sabiq prezidenti Məhəmməd Xatəmi bildirib.

Onun sözlərinə görə, seçkilərin baş tutması üçün vacib olan şərtlər var: “Xalqın hakimiyyətini qəbul etmək lazımdır. Çünki xalq öz gələcəyinə hakim olmalıdır. Əks təqdirdə seçkinin mənası yoxdur və seçkilər yalnız görüntü xətrinə keçirilir. Ölkədə qorxu, məcburiyyət, təzyiq siyasəti aradan qaldırılmalıdır. Seçkilər demokratiyanın ruhudur”.

M. Xatəmi deyib ki, islahatçıların prezident seçkiləri ilə bağlı qərarına tabe olacaq: “Ancaq bundan əvvəl vaxtilə ölkənin əsas dayaqlarından olmuş, ancaq 2009-cu il mübahisəli prezident seçkilərindən sonra həbs edilmiş və məhdudiyyətlərlə üzləşmiş şəxslərin fikirlərini öyrənmək lazımdır”.

İranın eks-prezidenti həmçinin vurğulayıb ki, islahatçıların ölkəni indiki vəziyyətdən xilas etmək üçün proqramları və onu icra etmək üçün kadrları da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR