Təhsil Nazirliyi: Azərbaycanda 100 minə yaxın müəllim İKT-yə dair xüsusi hazırlıq kursları keçib

Təhsil Nazirliyi: Azərbaycanda 100 minə yaxın müəllim İKT-yə dair xüsusi hazırlıq kursları keçib
# 26 fevral 2013 13:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı APA. Son 8 ildə Azərbaycanın ümumtəhsil məktəblərində 99962 nəfər müəllim informasiya və kommunikasiya texnologiyalarına dair xüsusi hazırlıq kursları keçib ki, bu da pedaqoji kadrların 63%-ni təşkil edir. Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov deyib. O bildirib ki, növbəti illərdə bu işi davam etdirməyə ciddi ehtiyac var. İdarə rəisinin sözlərinə görə, təlimlərdə iştirak etmiş müəllimləri yenidən təkmilləşdirmə prosesinə cəlb etmək zəruridir: “Çünki informasiya texnologiyaları daimi yenilənmək xüsusiyyətinə malikdir və bu uyğun olaraq biliklərin də mütəmadi yenilənməsi vacibdir. Azərbaycanda bütün pedaqoji heyətin İKT üzrə savadlılığının artırılması əsas məqsədlərimizdən biridir. İnformasiya texnologiyalarını gündəlik tədrisdə istifadə etmək, XXI əsr vərdişləri konsepsiyasına əsaslanaraq, şagirdləri informasiya texnologiyaları vasitəsilə tədris prosesinə daha effektiv cəlb etmək müasir Azərbaycan müəlliminin əsas vəzifələrindəndir”.

S.Məmmədov qeyd edib ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq ümumtəhsil məktəblərində mövcud avadanlığın, lokal şəbəkənin, İnternet/İntranet bağlantısının, eyni zamanda məktəb rəhbərlərinin, müəllimlərin və şagirdlərin İKT-dən gündəlik istifadə vəziyyətini öyrənmək məqsədilə monitorinq aparılır: “Monitorinq nəticəsində avadanlıqların yerində olmaması, elektron təhsil portalından istifadə edilməməsi, müəllimlərin İKT-nin tədrisə tətbiqi sahəsində müəyyən problemlər üzə çıxır. Bu problemlər araşdırılaraq həlli istiqamətində müvafiq tədbirlər görülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR