Ucarda elektrik enerjisinin verilişində problem yaranıb

Ucarda elektrik enerjisinin verilişində problem yaranıb
# 26 aprel 2013 13:10 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda elektrik enerjisinin verilişində problem yaranıb.

APA-nın Aran bürosunun yerli sakinlərə istinadən verdiyi məlumata görə, son vaxtlar hava şəraitindən asılı olmayaraq, rayonun bütün yaşayış məntəqələrinə işıq fasilələrlə verilir. Təkcə dünən bir çox yaşayış məntəqələrində hər biri təxminən 1 saat olmaqla 8-10 dəfə enerjinin verilişində fasilə yaranıb.

Enerjinin fasilələrlə verilməsi rayonda digər sahələrə də öz mənfi təsirini göstərib. Belə ki, borclu abonentlər yerli poçt şöbələrində ödənişlər apardıqdan sonra enerjinin olmaması səbəbindən qəbz almaq üçün saatlarla gözləməli olur, rayonda çörək qıtlığı yaradır.

Rayonda enerjinin fasilələrlə verilməsi faktı ilə razılaşmayan Ucar Elektrik Şəbəkəsinin müdiri Gülxan Zülfiqarov APA-ya açıqlamasında bildirib ki, rayonda qəza halları olmadıqda, abonentlər fasiləsiz enerji ilə təmin olunurlar.

Məsələyə münasibət bildirən Ucar Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Vaqif Mehdiyev bildirib ki, son 2 gündə küləklə əlaqədar köhnəlmiş elektrik xətləri sıradan çıxıb, nəticədə rayonda enerji fasilələrlə verilir: “Rayonda enerji verilişi əsassız yerə heç vaxt dayandırılmır. Bəzi hallarda təmir işləri ilə əlaqədar olaraq qısa müddətə enerjinin verilişində fasilə yaranır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR