Prezident İlham Əliyev Fransa nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Fransa nümayəndə heyətini qəbul edib
# 03 noyabr 2014 11:02 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, yüksək səviyyədə keçirilən görüşlərin, o cümlədən Fransaya son səfəri zamanı prezident Fransua Ollandla keçirdiyi görüşün əlaqələrimizin daha da möhkəmlənməsi baxımından önəmini qeyd edib.

Dövlət başçısı Fransada təsis olunmuş Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Rəhbərlik etdiyi qurumda Fransa cəmiyyətinin müxtəlif təbəqələrinin nüfuzlu nümayəndələrinin birləşdiyini diqqətə çatdıran J. Mansel Azərbaycanla Fransanın bir-birini daha yaxından tanıması üçün səylərini əsirgəməyəcəklərini deyib. Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi və iqtisadi əlaqələrin bu işə öz müsbət təsirini göstərəcəyinə ümidvar olduğunu qeyd edən J. Mansel onlara göstərilən diqqət və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR