Adil Qeybulla: “Müsavat rəhbərliyinin mövqeyi bəhanədir”

Adil Qeybulla: “Müsavat rəhbərliyinin mövqeyi bəhanədir”
# 10 mart 2015 09:19 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Qubad İbadoğlunun partiyadan çıxarılması ilə bağlı məsələnin araşdırılması üçün yayılan bəyanatı cəmiyyətdə kifayət qədər tanınmış, Müsavat Partiyasının bərpasında xidmətləri olan insanlar imzalayıb. Bəyanat mətbuatda yayılıb, bu isə onun sənəd olduğuna dəlalət edir. "Bəyanat rəsmi şəkildə ya Mərkəzi Nəzarət-Təftiş Komissiyasına, ya da digər qurumlara təqdim olunmalı idi" kimi fikirlər bəyanatı imzalayanları aşağılamaqdır. Digər tərəfdən, vətəndaşlar Müsavat Partiyası və Azərbaycanın siyasi həyatında gedən prosesləri mətbuat vasitəsilə izləyirlər və ona görə də mən hesab edirəm ki, rəsmi müraciət məsələsi sırf bəhanədir”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının sabiq üzvü, professor Adil Qeybulla deyib.

A. Qeybulla bildirib ki, hazırda Müsavat Partiyasının rəsmi strukturlarının legitim olub-olmaması müzakirə mövzusudur: “Bu məsələlərin çözülməsi müəyyən güzəştlər əsasında ola bilər. Ancaq qarşı tərəf heç bir güzəşt, konsesus qəbul etmir. Təbii ki, bu cür münasibət konfrontasiya deməkdir. Konfrontasiyaya görə də partiyanın bugünkü rəsmi strukturları məsuliyyət daşıyırlar. Buna görə də hesab edirəm ki, bizim təkrar xəbərdarlığımız tarix üçündür. İndi bəyanata reaksiya verib-verməyəcəkləri artıq onların öz işidir”.

A. Qeybulla Müsavatın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynovanın “legitimliyini qəbul etmədikləri qurumlardan hansısa məsələnin araşdırılmasını gözləyirlər” fikrinə də münasibət bildirib. O, bu fikri də bəhanə kimi qiymətləndirib: “Legitimliyi qəbul etmək şərtlə deyil axı. Legitimlik məsələsi həmin seçkili orqanların formalaşmasının Nizamnaməyə uyğun olub-olmamasından asılıdır. Yenə də deyirəm ki, Müsavat Partiyasının strukturlarının legitimliyi ilə bağlı xeyli mübahisəli məsələlər var. Müxalifət də hökumətin legitimliyini qəbul etmir. Amma onlarla dialoqda da iştirak edir, parlamentdə də təmsil olunur, bəzi məsələlərdə əməkdaşlıq da edir. Onda bu necə olur? Ona görə də hesab edirəm ki, bu da bəhanədir. Bəyanatı imzalayan şəxslərdən bəziləri - Novella Cəfəroğlu, Səidə Qocamanlı, Almaz Əliqızı, Məryəm Oruclu, Hökumə Qurbanlı heç də partiyadan narazı qrupa aid deyillər. Bəs bu adamların müraciətinə niyə cavab verilmir? Qubad İbadoğlu, Vurğun Əyyub, Adil Qeybullanı kənara qoysaq, axı digərləri xeyli neytral adamlardır və sadəcə, partiyadakı vəziyyətdən narahatdırlar. Buna görə də hesab edirəm ki, Müsavat rəhbərliyinin mövqeyi tam bəhanədir. İndi görürəm ki, hazırkı partiya rəhbərliyi və onun ətrafında toplaşmış adamlar Müsavatın bərpasında iştirak etmiş, cəmiyyətdə kifayət qədər nüfuzu olan insanların ünvanına müəyyən aşağılayıcı və təhqiredici fikirlər işlətməkdə çox həvəslidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR