Yol polisi istirahət günlərində Astara və Masallı rayonlarında reyd keçirib

Yol polisi istirahət günlərində Astara və Masallı rayonlarında reyd keçirib
# 18 fevral 2013 08:40 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. İstirahət günlərində Astara və Masallı rayonlarının yol polisi əməkdaşları magistral şose yollarında reyd keçiriblər. Astara Rayon Yol Polisi Bölməsinin müfəttişi İlqar Rəhimzadənin APA-nın cənub bürosuna verdiyi məlumata görə, reydin keçirilməsində başlıca məqsəd sürücülük hüququ olmadan avtomobili idarə edən, sərxoş vəziyyətdə sükan arxasında əyləşən, yüksək səs siqnallarından, qara pərdələrdən istifadə edən və avtoxuliqanlıqla məşğul olan sürücüləri aşkarlamaqdan ibarət olub. Bir neçə saat davam edən reyd zamanı 50-dək sürücü saxlanılıb. Onlardan bir neçəsinin avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi, avtomobilə əlavə avadanlıqların, o cümlədən plyonkaların quraşdırıldığı aşkarlanıb. Daha bir neçə avtomaşının isə texniki baxışdan keçmədiyi üzə çıxıb. Bundan əlavə, polisin “Dayan!” əmrinə tabe olmayan sürücülərə də rast gəlinib. Reyd zamanı sürücülük hüququ olmadan idarə olunan avtomobillər cərimə meydançasına aparılıb, sürücüləri barəsində isə qanuna müvafiq olaraq inzibati cəza tədbirləri seçilib.

Masallı rayonunda baş tutan reyd isə nəqliyyatın sıx hərəkət etdiyi magistral yolları əhatə edib. Burada da reyd zamanı yol hərəkəti qaydalarına riayət etməyən 50-dən çox sürücü saxlanılıb. Onların arasında avtomobili sənədsiz idarə edən, avtomobilin yan şüşələrinə pərdə və plyonka çəkmiş sürücülər üstünlük təşkil edib və onlar barəsində inzibati protokollar tərtib olunub.

Hər iki rayonda bu cür reydlərin mütəmadi xarakter daşıdığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR