PKK lideri Abdulla Öcalan martın 21-də tarixi müraciətlə çıxış edəcək

PKK lideri Abdulla Öcalan martın 21-də tarixi müraciətlə çıxış edəcək
# 19 mart 2013 10:17 (UTC +04:00)

Bakı – APA. Türkiyənin İmralı adasında həbsdə yatan PKK terror təşkilatının lideri Abdulla Öcalan martın 21-də - Novruz bayramında tarixi müraciətlə çıxış edəcəyini bildirib. APA-nın xəbərinə görə, A. Öcalan bunu martın 18-də onu həbsxanada ziyarət edən etnik kürdlərin Barış və Demokratiya Partiyasının (BDP) millət vəkillərinə deyib.

PKK lider millət vəkilləri vasitəsilə göndərdiyi mesajında hazırda Türkiyə hökuməti ilə apardığı danışıqların müsbət istiqamətdə davam etdiyini söyləyib: “Məqsədimiz bütün Türkiyənin demokratikləşməsidir. Bu məqsədə uyğun olaraq martın 21-də - Novruz bayramında tarixi bir müraciətlə çıxış etməyə hazırlaşıram. Müraciət mətnində problemin həllinin siyasi və hərbi tərəflərini özündə əks etdirən hərtərəfli informasiyalar olacaq. Tərksilah məsələsini də tez müddətdə bir insanı belə itirmədən həll etmək istəyirəm. Bütün bunların praktikada reallaşması üçün ali iradəni təmsil edən parlamentin və siyasi partiyaların verəcəyi dəstəyi çox dəyərli sayıram”.

A. Öcalan bildirib ki, PKK silahlılarının Türkiyə ərazisindən çıxması və sülhün bərqərar olması üçün Türkiyə parlamenti üzərinə düşən tarixi missiyanı yerinə yetirməlidir. PKK liderinin müraciətinin martın 21-də Diyarbəkirdə keçiriləcək Novruz mitinqində elan ediləcəyi gözlənilir.

Türkiyə mətbuatında çıxan xəbərlərə əsasən A. Öcalan TBMM-də xüsusi komissiya yaradılmasını və PKK terrorçularının bu komissiyanın nəzarətində Türkiyədən çıxmasını istəyir. PKK-nın terrora son qoyub Türkiyə ərazisini tərk etməsinin əvəzində A. Öcalan onun cəzasının ev dustaqlığı ilə əvəz edilməsini və həbsdəki terrorçular üçün amnistiya elan olunmasını tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR