Azərbaycan-Litva nəqliyyat əməkdaşlığı müzakirə olunub

Azərbaycan-Litva nəqliyyat əməkdaşlığı müzakirə olunub
# 08 aprel 2013 15:51 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Azərbaycan Nəqliyyat Nazirliyində Litva baş nazirinin kansleri Alminas Masiulisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

APA-Economics”in məlumatına görə, görüşdə nəqliyyat nazirinin müavini Musa Pənahov son illər Azərbaycanın inkişafı, iri miqyaslı islahatların həyata keçirilməsi, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlər barədə məlumat verib.

Ölkədəki nəqliyyat-yol kompleksinin inkişafına toxunan M.Pənahov bu sahədə Azərbaycanla Litva Respublikası arasındakı əməkdaşlıqdan da danışıb. Nəqliyyat sektorunu əhatə edən bütün sahələr - dəmir yolu, avtomobil nəqliyyatı və avtomobil yolları barəsində ətraflı məlumat verən nazir müavini bu istiqamətdə qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu vurğulayıb.


Öz növbəsində Alminas Masiulis Azərbaycandakı iqtisadi tərəqqidən, o cümlədən nəqliyyat sektorunun bütün sahələri üzrə, hava, su, dəmir yolu, avtomobil yolları və avtomobil nəqliyyatı sahəsində əldə edilmiş uğurlardan xəbərdar olduqlarını qeyd edib, həmçinin Litva-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.


Qeyd edək ki, görüş aprelin 9-da Bakı şəhərində baş tutacaq Azərbaycan-Litva Biznes Forumu çərçivəsində reallaşıb. Görüşdə Litvanın Azərbaycandakı səfirliyinin, Litva Biznes Konfederasiyasının, Litva Milli Daşıyıcılar Assosiasiyasının (LİNAVA), “Logipolijos Vagonai”, “COWİ” və Klaipeda FEZ İdarəetmə şirkətinin nümayəndələri də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR