Sərdar Cəlaloğlu: “Bəlkə Cəmil Həsənlinin imzası elə bir gücə malikdir ki, İntiqam Əliyevi dərhal buraxacaqlar?”

Sərdar Cəlaloğlu: “Bəlkə Cəmil Həsənlinin imzası elə bir gücə malikdir ki, İntiqam Əliyevi dərhal buraxacaqlar?”
# 18 avqust 2014 15:54 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında bu gün Milli Şuranın sədri Cəmil Həsənli və hüquqşünas Vidadi Mirkamalın həmsədrliyi ilə Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov və İntiqam Əliyevin Müdafiə Komitəsinin yaradılmasına münasibət bildirən ADP sədri Sərdar Cəlaloğlu söyləyib.

Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin davranışlarını tənqid edən S.Cəlaloğlu deyib ki, həbsdəki insanları müdafiə etmək əvəzinə, onları “müdafiə edənlər” həbslərdən siyasi divident götürmək uğrunda yarışa giriblər: “Bizim müxalifətin belə müdafiəsindənsə, müdafiə etməməsi daha yaxşı olardı. Kimsə səmimi qəlbdən gəlib imza atır, həbsdəki insanları müdafiə edirsə, dərhal bəyanatlar verirlər ki, hökumət tərəfdarları var, özlərini müxalifət cərgəsində göstərmək istəyirlər. Gic-gic şeylər danışırlar. Getdikcə deqradasiya baş verir. Əvvəllər ağıla gələn ittihamlar irəli sürürdülər, indi ağızlarına gələni danışırlar. Tutaq ki, Yeni Azərbaycan Partiyasından, yaxud Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq edən bir partiyadan bir nəfər gəlib həbsdəki insanları müdafiə etsin, sənədə imza atsın. Bunun nəyi pisdir? Əgər kimsə səmimi olaraq sənədə imza atmaq istəyirsə, sən onu hökumətin agenti adlandırırsansa, kim gəlib o sənədə imza atar, bu işə qoşular?”

S.Cəlaloğlu C.Həsənli və Ə.Kərimlinin səyləri nəticəsində yaradılan Müdafiə Komitəsində iştirak etmək fikrində olmadığını da qeyd edib: “Onsuz da ADP olaraq həbsdəki insanları təklikdə müdafiə edirik. O adamlar həbs olunandan sonra hər həftə onların vəziyyəti ilə bağlı yeni bir situasiya yarananda mövqeyimizi bildirir, müdafiə edirik. Başqaları da bizi onların müdafiəsi ilə bağlı tədbirə çağıranda böyük həvəslə gedirik. Mən həbsdəki insanları Əli Kərimli ilə də, İsa Qəmbərlə də birgə müdafiə edə bilərəm. Bunun nə fərqi var? Yoxsa gözüm atır ki, mən Cəmil Həsənli ilə birlikdə gedib kimisə müdafiə edim? Bəlkə Cəmil Həsənlinin imzası elə bir gücə malikdir ki, o, imza atandan sonra dərhal İntiqam Əliyevi buraxacaqlar, ancaq Sərdar Cəlaloğlu imzası elə-belə, zəif imzadır, onun imzası olsa, buraxmazlar? Sən özünü nə hesab edirsən axı? Onların işlərinə baxıram, gülməyim gəlir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR