Ombudsman İnsan Hüquqları üzrə Beynəlxalq Federasiyanın nümayəndələrini qəbul edib

Ombudsman İnsan Hüquqları üzrə Beynəlxalq Federasiyanın nümayəndələrini qəbul edib
# 15 mart 2013 14:35 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Bakıda səfərdə olan İnsan Hüquqları üzrə Beynəlxalq Federasiyanın (FİDH) nümayəndələrini qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, federasiyanın Şərqi Avropa və Mərkəzi Asiya üzrə bölməsinin rəhbəri Aleksandra Kulayeva rəhbərlik etdiyi beynəlxalq araşdırma missiyasının Azərbaycana səfərinin məqsədinin ölkəmizdə insan hüquqları üzrə vəziyyətin öyrənilməsindən ibarət olduğunu diqqətə çatdırıb.

Müvəkkil Azərbaycanda insan hüquqlarının həyata keçirilməsi istiqamətində görülmüş işlər, respublikamızın bir sıra beynəlxalq konvensiyalara qoşulması, insan hüquqları sahəsində müvafiq qanunvericiliyin beynəlxalq hüquqi aktlara uyğunlaşdırılması həmçinin insan hüquqları sahəsində fəaliyyəti barədə ətraflı məlumat verib. O, təsisatın 10 ildən artıq müddətdə səmərəli fəaliyyət göstərdiyini, dövlət qurumları və QHT-lərlə yanaşı, nüfuzlu beynəlxalq təşkilatlarla - BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, ATƏT, beynəlxalq və Avropa Ombudsmanları institutları, Asiya Ombudsmanlar Assosiasiyası ilə sıx əməkdaşlıq şəraitində çalışdığını diqqətə çatdırıb. Müvəkkil təsisatın Avropa Birliyinin “Şərq Tərəfdaşlığı”, Tvinninq və TAİEX layihələri çərçivəsində fəal iştirak etdiyini söyləyib.

A.Kulayeva təmsil etdiyi beynəlxalq qurumun dünyada insan hüquqları sahəsində fəaliyyət göstərən ilk hüquq-müdafiə təşkilatlarından olduğunu, 1922-ci ildə yaradılmış, mənzil-qərargahı Parisdə yerləşən bu qurumun insan hüquqlarının müxtəlif aspektləri üzrə monitorinqlər, eyni zamanda maarifləndirici təlimlər, treninq-seminarlar keçirdiyini, təcrübə mübadiləsi apardığını vurğulamış, həmçinin Ombudsmanla əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

E.Süleymanova qarşılıqlı anlaşma şəraitində fəaliyyətin səmərəli olacağını söyləyib, görüşdə gələcək əməkdaşlıq məsələləri də müzakirə olunub.

Qonaqlar Ombudsman təsisatının məqsədyönlü, çoxşaxəli işini yüksək dəyərləndirib, səmimi qəbul və səmərəli fikir mübadiləsi üçün Müvəkkilə təşəkkürlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR