“Azərsu” abunəçilərə müraciət edib

“Azərsu” abunəçilərə müraciət edib
# 17 aprel 2012 12:48 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərsu” ASC-nin Bakı, Abşeron və Sumqayıt Sukanal İdarələrinin abonent bazasının təkmilləşdirilməsi, istehlakçılara göstərilən xidmətin, yaranmış borcların dəqiq uçotunun aparılması, sayğacların texniki vəziyyətinin qeydə alınması, mənzildə qeydiyyatda olanların, həmçinin faktiki yaşayanların sayının müəyyən edilməsi məqsədilə apardığı inventarlaşdırma işləri yekunlaşmaq üzrədir və aprelin 20-nə qədər proses başa çatdırılacaq.

ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, aparılan araşdırmalar və inventarlaşdırma işlərinin ilkin nəticələri göstərir ki, bəzi abunəçilər üzrə su təchizatı və kanalizasiya xidmətlərinin faktiki sərfiyyatı ilə abonent bazasında qeydə alınmış rəqəmlər arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda bəzi mənzillərdə sayğac işləməsə də, bu barədə nəzarətçilərə məlumat verilmir və ya onların bunu qeydə almasına şərait yaradılmır. Bunlardan başqa, sayğacsız mənzillərin bir qismində bir nəfər qeydiyyatda olduğu halda, faktiki olaraq burada daha çox insanın yaşadığı aşkarlanıb. Bu isə sərfiyyatın süni şəkildə azaldılmasına gətirib çıxarır.

Yuxarıda sadalanan uyğunsuzluqları aşkarlamaq, abonent bazasının dəqiqləşdirilməsi üçün aparılan inventarlaşdırma işlərinin bütün abunəçiləri əhatə etməsi olduqca vacibdir. Təəssüf ki, “Azərsu” ASC-nin əməkdaşlarının dəfələrlə müraciət etməsinə baxmayaraq, bəzi vətəndaşlar onların mənzilə daxil olmasına şərait yaratmır. “Su təchizatı və tullantı suları” haqqında qanunun 50-ci maddəsinə əsasən “Azərsu” ASC-nin əməkdaşları qanunvericilikdə müəyyən edilmiş qaydada abunəçiyə əvvəlcədən bildirməklə öz vəsiqələrini təqdim edərək su təchizatı və tullantı suları axıdılan obyektə baxmaq hüququna malikdir və vətəndaşlar buna şərait yaratmağa borcludurlar.

Bunları nəzərə alaraq “Azərsu” ASC abunəçilərdən xahiş edir ki, vəsiqələrini təqdim edən “Azərsu” ASC-nin əməkdaşlarına inventarlaşdırma işləri aparmaq üçün lazımi şərait yaratsınlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR