Mingəçevir şəhəri üzrə investisiya layihələrinin qəbuluna başlanılıb

Mingəçevir şəhəri üzrə investisiya layihələrinin qəbuluna başlanılıb
# 23 may 2012 07:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Mingəçevir şəhərində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Fond bununla bağlı Mingəçevir şəhərində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq SKMF tərəfindən Mingəçevir şəhəri üzrə sahibkarlıq subyektlərindən müasir texnologiyalara əsaslanan müxtəlif sənaye müəssisələrinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının, kiçik və orta həcmli müasir çörək zavodlarının yaradılması sahəsində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. «Mayın 23-dən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər», - deyə məlumatda bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR