Bu il Azərbaycanın ticarət obyektlərində 42 tondan çox keyfiyyətsiz məhsul satışdan çıxarılaraq məhv edilib

Bu il Azərbaycanın ticarət obyektlərində 42 tondan çox keyfiyyətsiz məhsul satışdan çıxarılaraq məhv edilib
# 20 iyul 2012 13:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Gədəbəydə «Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır» mövzusunda konfrans keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 300-dən çox istehlakçı iştirak edib.

Tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını vurğulayıb və qeyd edib ki, bütün bunlar əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanının genişləndirilməsinə şərait yaradır, eyni zamanda istehlakçı hüquqlarının etibarlı müdafiəsinə diqqətin daha da artırılmasını zəruri edir. İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verən Z.İsayev 2012-ci ilin yanvar-iyun ayları ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 42,2 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edildiyini bildirib. Xidmət rəisi istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Tədbirdə həmçinin xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR