ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 29 oktyabr 2012 12:04 (UTC +04:00)
Bakı. Etibar Məmmədov-APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələr müzakirə obyekti olub.

İdarə Heyəti Ermənistanın Suriyadan köç edən erməni millətindən olan ailələrin Azərbaycanın Dağlıq Qarabağ və digər işğal altında olan ərazilərində məskunlaşdırmasına diqqət yetirib. İşğalçı ölkənin bu addımını ölkəmizin ərazilərinin ilhaqının davam etdirilməsi, ATƏT-in müəyyən etdiyi atəşkəs rejiminin pozulması faktı və bölgədəki erməni icmasının sayının süni şəkildə artırmaq cəhdi kimi qiymətləndirib və Azərbaycan hökumətini bütün vasitələrdən istifadə edərək bu məskunlaşdırmanın qarşısını almağa çağırıb.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Paris toplantısına və bəyanatına münasibət bildirən İdarə Heyəti dinc danışıqların davam etdirilməsini alqışlayıb, eyni zamanda danışıqların yeni mərhələsində ciddi irəliləyişlərə nail olmaq üçün NATO-nun ərazi münaqişələri ilə bağlı qəbul etdiyi prinsiplərin (suverenlik, ərazi bütövlüyü və müstəqillik) əsas götürülməsinin vacibliyini diqqətə çatdırıb.

Partiyanın İdarə Heyəti Ukraynada keçirilən parlament seçkilərə və İranın şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələ ilə əlaqədar yaranmış vəziyyətə də münasibət bildirib. Partiyanın rəhbər qurumu Ukraynada keçirilmiş seçkiləri, ilkin nəticələrə istinad edərək qanuni və demokratik seçki kimi alqışlayıb, qonşu Gürcüstanda bu yaxınlarda baş tutmuş demokratik parlament seçkilərini də nəzərə almaqla bütün keçmiş sovetlər məkanında demokratik dəyişikliklərin alternativsiz və qaçılmaz olduğunu bir daha vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR