Bakıdakı məktəblərin IV sinif şagirdləri və müəllimlər riyaziyyatdan imtahan verəcəklər

Bakıdakı məktəblərin IV sinif şagirdləri və müəllimlər riyaziyyatdan imtahan verəcəklər
# 04 aprel 2012 11:56 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ümumtəhsil məktəblərinin IV sinif şagirdlərinin riyaziyyat fənnindən bilik səviyyələrini müəyyənləşdirmək üçün imtahanlar təşkil edəcək. Bu barədə APA-ya BŞTİ-nin sektor müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, imtahanlara müəllimlər də cəlb ediləcək. Z.Əliqızı deyib ki, idarə tərəfindən bu layihə artıq 3 ildir reallaşdırılır: “Məqsədimiz ibtidai sinif mərhələsini bitirən şagirdlərin riyaziyyatdan bilik səviyyəsini müəyyənləşdirməkdir. İmtahanlarda şagirdlərin əldə etdikləri nəticələr onların illik qiymətlərinə təsir göstərir. Müəllimlərin əldə etdikləri nəticələr isə onların növbəti tədris ilində fəaliyyətlərinə ciddi təsir göstərir. Yəni aşağı nəticə göstərən müəllimlər yayda riyaziyyatdan kurslara cəlb olunurlar. Kurslarda da uğurlu nəticə göstərməyən müəllimlərə növbəti tədris ilində sinif verilməyə bilər”.

Sektor müdiri bildirib ki, ötən il Bakıdakı məktəblərin IV sinifləri ilə yanaşı V sinif şagirdləri də bu fəndən imtahanlara cəlb edilib və onların bir il ərzində riyaziyyatdan əldə etdikləri uğurların əvvəlki ilin nəticələri ilə müqayisəsi aparılıb. Z.Əliqızının sözlərinə görə, ötən il təşkil edilən imtahanlarda və kurslarda nəticə əldə edə bilməyən müəllimlərdən bir qismi məktəblərdən uzaqlaşdırılıb: “İbtidai sinif müəllimlərinin güclü bankını yarada bildik. Ən güclü müəllimlər müəyyənləşdirildi. Ən zəifləri ilə bağlı isə müvafiq addımlar atıldı”. Sektor müdiri builki imtahanların aprelin 20-dən sonra başlayacağını qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR