BDU ilə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

BDU ilə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 08 noyabr 2012 10:52 (UTC +04:00)
BDU-nun rektoru Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü diplomunun təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdən öncə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Ankara başqanı, professor Hayrettin İvgin ilə görüşüb.

Daha sonra tədbirdə çıxış edən rektor universitetin beynəlxalq əlaqələrindən, üzvü olduğu assosiasiya və qurumlardakı fəaliyyətindən danışıb. O bildirib ki, türkdilli ölkələr arasında elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aparılan işlər və mövcud əlaqələr günü-gündən inkişaf edir. Türkiyə ilə bu sahələrdə atılan hər bir addım ümumilikdə milli birliyə yönəlib. Türk xalqları və millətləri arasında milli birlik isə bütün sahələr üzrə əməkdaşlığın yüksəlməsinə və uğurların artmasına xidmət edir: “Lakin bununla yanaşı, bəzi həll edilməyən məsələlər də var. Belə ki, bu günə kimi türk dünyası ölkələrinin heç birində fundamental elm sahəsi üzrə Nobel mükafatına layiq görülən elm adamı olmayıb. Ona görə də bu və digər məsələlərlə birgə əməkdaşlığı daha da inkişaf etdirməyə ehtiyac var”.

H.İvgin isə öz növbəsində təmsil etdiyi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası haqqında məlumat verib. O bildirib ki, akademiya türk dünyasında və türklərin yaşadıqları ölkələrdə türk dilini, mədəniyyətini, tarixini və ədəbiyyatını öyrənmək, araşdırmaq və yaymaq məqsədilə yaradılmış beynəlxalq elmi təşkilatdır: “Akademiya dünyanın 30-dan çox ölkəsinin tanınmış universitetləri, tədqiqat institutları, akademiyaları, bioqrafiya mərkəzləri, vəqfləri və digər qurumları ilə qarşılıqlı əməkdaşlıq edir. Hazırda akademiyanın bir sıra ölkələrdə rəsmi təmsilçiləri var”.

Tədbirin davamında BDU ilə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sonda H.İvgin rektor, akademik Abel Məhərrəmovun akademiyanın həqiqi üzvü seçildiyini bildirib və rektora müvafiq diplomu təqdim edib. A.Məhərrəmov isə öz növbəsində H.İvginə “BDU-nun fəxri qonağı” diplomunu təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR