DSMF-nin elektron xidmətləri genişləndirilib

DSMF-nin elektron xidmətləri genişləndirilib
# 22 oktyabr 2012 11:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) göstərdiyi elektron xidmətlərin siyahısı genişləndirilib.

«APA-ECONOMICS«in məlumatına görə, bundan sonra ailə kəndli təsərrüfatının və kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması, dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu, eləcə də məcburi dövlət sosial sığorta vəsaitlərinin ödənilməsi və s. xidmətlər elektron qaydada aparılacaq.

Bu, Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiqlənmiş mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə göstərilən elektron xidmət növlərinin siyahısında nəzərdə tutulub. Qeyd edək ki, adı çəkilən qərarla «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları»nın və «Elektron xidmət növlərinin Siyahısı»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilib.

Yeni siyahıya əsasən, bankda və ya digər kredit təşkilatında hesabın açılması üçün sığortaedənə şəhadətnamənin verilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu, əmək şəraitinə görə güzəştli əmək stajı hesablanan işçilərin siyahısının təqdim edilməsi də elektron formada həyata keçiriləcək.

Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi, hamiləliyə, doğuma və uşağa qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi də elektron formada aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR