DİN və Baş Prokurorluq Abşeronda törədilən qətlin açılması barədə birgə məlumat yayıb

DİN və Baş Prokurorluq Abşeronda törədilən qətlin açılması barədə birgə məlumat yayıb
# 12 mart 2012 15:31 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Abşeronda törədilən qətlin açılması ilə bağlı birgə məlumat yayıb. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, martın 9-dan 10-a keçən gecə saat 01.00 radələrində Abşeron rayonunun Qobu qəsəbə sakini Dadaş Dadaşov yaşadığı evin həyətində naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib.

Prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət yaradılmış istintaq-əməliyyat qrupu hadisə yerinə baxış keçirib və orada “Makarov” tipli tapançaya aid 8 ədəd giliz aşkar edilib.

DİN-in Baş Cinayət-Axtarış İdarəsi, Abşeron rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlərlə martın 10-da cinayəti törətməkdə şübhəli bilinən Qobu qəsəbə sakini Nazim Muxtarov tutulub. Cinayətin aləti olan “Makarov” tapançası isə Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki daş karxanalarından birinin ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR