Stiven Kolker: “Azərbaycan yığması çox yaxşı oynadı”

Stiven Kolker: “Azərbaycan yığması çox yaxşı oynadı”
# 07 sentyabr 2012 08:45 (UTC +04:00)
Bakı – APA. “Bakıya ancaq qələbə üçün gəlmişdik. Turnir cədvəlindəki durum bizi buna vadar edirdi”. Bu sözləri apasport.az saytına 21 yaşadək futbolçulardan ibarət İngiltərə yığmasının üzvü Stiven Kolker deyib.

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində ingiltərəli həmyaşıdları ilə qarşılaşan U-21 yığmamız məğlub olub. “Dalğa Arena”da baş tutan oyunda rəqib 2 top fərqi ilə qələbə qazanıb.
Oyunda hesabı Böyük Britaniya təmsilçisinin müdafiəçisi Kolker açıb. O, baş zərbəsi ilə qapımıza yol tapıb. Matçdan sonra fikirlərini açıqlayan “5” nömrə matçın həqiqətən də çətin keçdiyini vurğulayıb: “Biz seçmə mərhələni lider kimi tamamlamaq istəyirik. Buna görə də ancaq qələbə qazanmaq haqda düşünürdük. Etiraf edim ki, Azərbaycan yığması da bizə çətin anlar yaşatdı”.

İkinci hissədə bir qədər müdafiəyə diqqət yetirdiklərini etiraf edən “Tottenhem”in yetirməsi bunda yığmamızın da rolunu danmayıb: “Fasilədən sonra müdafiəyə diqqəti artırdıq. Çünki rəqib bir qədər fəallaşmışdı. Qol buraxmamaq üçün arxa xətdə diqqətli oynadıq. İkinci qolu vurduqdan sonra isə rahatlaşdıq. Yenə deyirəm, Azərbaycan yığması çox yaxşı oynadı”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR