Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması qondarma “DQR Mədəniyyət və Gənclər Nazirliyi”nin binasının istifadəyə verilməsinə münasibət bildirib

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması qondarma “DQR Mədəniyyət və Gənclər Nazirliyi”nin binasının istifadəyə verilməsinə münasibət bildirib
# 23 oktyabr 2012 08:58 (UTC +04:00)
Bakı-APA. “Bir neçə gün əvvəl Dağlıq Qarabağda qondarma “Dağlıq Qarabağ Respublikası”nın Mədəniyyət və Gənclər Nazirliyinin binasının istifadəyə verilməsi, Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesində Ermənistan tərəfinin tutduğu destruktiv və provokativ mövqeyinin bilavasitə göstəricisidir”. Bu açıqlamanı APA-ya Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov verib.

Onun sözlərinə görə, bu addım Ermənistan rəhbərliyinin həqiqətən tarixən və mədəniyyət baxımından Azərbaycan xalqına mənsub olan torpaqlara olan iddiasını bir daha nümayiş etdirir: “Şuşa şəhəri tarixən Azərbaycan mədəniyyətinə aid bir şəhər olub və bu gün rəsmi İrəvanın təcavüzkar siyasətini yürüdən qondarma rejimin bu şəhərdə Azərbaycan mədəni irsin dəyişdirilməsi cəhdləri bəşəriyyətə qarşı edilən bir cinayətə bərabər tutula bilər. Daim bəsit fikirləri ilə yadda qalan Bako Saakyan bilməlidir ki, 2001-ci ildən UNESKO-nun Ümumdünya irsinin qorunmasında müvəqqəti namizədlər siyahısına daxil edilən Şuşa Dövlət Tarix – Mədəniyyət Qoruğu, artıq 1977-ci ilin avqustunda Azərbaycan SSRİ Nazirlər Sovetinin “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərarı ilə Şuşanın Azərbaycanın tarixi və mədəni irsi olduğu təsdiq edilib. 14 may 1954-cü ildə Haaqada qəbul edilmiş «Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında» Konvensiyanın 1-ci maddəsinə əsasən Konvensiyaya müvafiq olaraq, mənşəyindən və sahibindən asılı olmayaraq mədəni dəyərlər və ya mədəni mülkiyyətin qorunması ilə bağlı maddələri ciddi şəkildə pozaraq, Şuşada və ümumiyyətlə bütün Dağlıq Qarabağ və ətraf rayonların tarixi irsinə ciddi ziyan vurub dağıdan bir hökumətin bu gün mədəniyyətdən danışması heç bir etik çərçivəyə sığmır”.

Orxan Əkbərov qeyd edib ki, Şuşa Azərbaycan Mədəniyyətinin beşiyi olaraq Azərbaycana görkəmli xadimlər, o cümlədən Üzeyir Hacibəyov, Bülbül, Xan Şuşunski, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Fikrət Əmirov və digər bir çox görkəmli insanları bəxş edib: “Bütün bunlar bir daha sübut edir ki, Dağlıq Qarabağ və eləcə də Şuşa Azərbaycanın tarixi torpaqlarıdır və heç kəs bunu özününküləşdirə bilməz. Ermənistan tərəfinin atdığı bu tip təxribatçı addımlar münaqişənin həllinin uzadılması və status-kvonun saxlanmasına hesablanıb. Lakin, Azərbaycan gec və ya tez öz tarixi torpaqlarını geri qaytaracaq və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR