Moskvada Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

Moskvada Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib
# 24 fevral 2012 20:15 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə “1992-ci ilin Xocalı hadisələrinin hüquqi aspektləri” mövzusunda dəyirmi masa keçirilib. Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva bürosuna verilən məlumata görə, tədbirdə ekspertlər, hüquqşünaslar, politoloqlar, Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndələri, diplomatlar iştirak ediblər.
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu giriş sözü ilə iştirakçılara müraciət edərək onları tədbirin mövzusu, məqsəd və vəzifələri ilə tanış edib. Səfir bu cür cinayətlərin yenidən təkrarlanmaması üçün Xocalı faciəsinin hüquqi qiymətləndirilməsinin vacibliyini söyləyib.
Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Xocalı. Bir şəhərin faciəsi” sənədli filmi nümayi olunub.
Filmdən sonra Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına müraciəti oxunub.
Müzakirə zamanı Xocalı hadisələrinin hüquqi qiymətləndirilməsi ilə bağlı məsələlərin irəli çəkməyində Rusiyadakı çoxsaylı Azərbaycan diasporunun fəaliyyətinin canlandırılmasının vacibliyi qeyd edilib.
Tədbir iştirakçıları 2008-ci ildə “İslam Konfransı Təşkilatı dialoq və əməkdaşlıq uğrunda” Gənclər Forumunun Baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə yaranan və həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının artan əhəmiyyətini və böyük vüsətini xüsusi qeyd ediblər.
Çıxışlarda həmçinin qeyd edilib ki, Meksika və Pakistan Parlamentləri tərəfindən qəbul edilmiş və Xocalı faciəsinin Azərbaycan xalqının soyqırımı aktı kimi tanıyan qətnamələr Rusiyanın Dövlət Dumasında analoji sənədin qəbul edilməsi məsələsində diasporumuzun fəaliyyətinin fəallaşması üçün işarə olmalıdır.
Səfir Polad Bülbüloğlu iştirakçılara konstruktiv söhbətə görə təşəkkürünü bildirərək, səsləndirilmiş təklif və fikirlərin vacibliyini qeyd edib. O, bugünkü dialoqun Rusiyada və bütün dünyada Xocalı soyqırımının tanınması istiqamətində Azərbaycan diasporunun gələcək fəaliyyəti üçün yaxşı başlanğıc ola biləcəyini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR