Azərbaycan prezidenti: “Azərbaycanın donor ölkəsinə çevrilməsi yeni dövrdür”-FOTO

Azərbaycan prezidenti: “Azərbaycanın donor ölkəsinə çevrilməsi yeni dövrdür”-<font color=red>FOTO</font>
# 16 aprel 2012 20:54 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu bu gün Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirəsində prezident İlham Əliyev deyib.

Prezident bu ilin ilk rübündə ümumi daxili məhsulun 0,5 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul 7,7 faiz artdığını bildirib.
Prezident ümumi sənaye istehsalının 0,3 faiz azaldığını, qeyri-neft sənayesinin 16,5 faiz artdığını deyib.

İnflyasiyanın cəmi 3,1 faiz olduğunu vurğulayan dövlət başçısı əhalinin pul gəlirlərinin təxminən 14 faiz olduğunu vurğulayıb.
“Bu ilin dövlət büdcəsi 20 milyard dollardan çoxdur. İcmal büdcə təqribən 25 milyard dollara bərabərdir. Sosial proqramlar uğurla icra edilir. Xüsusilə, sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesi başlayır. İnflyasiyanı belə aşağı səviyyədə saxlamaq çox böyük nəticədir” deyən prezident ölkənin gəlirlərinin xərcləri üstələdiyini qeyd edib.
Prezidentin sözlərinə görə, dünyada davam edən qlobal maliyyə və iqtisadi böhran onu göstərir ki, kim öz hesabına yaşamır, borc hesabına yaşayır, eyni zamanda, sosial proqramları borcun götürülməsi hesabına icra edir, nəticədə bu ölkələr böyük çətinliklərlə üzləşəcəklər: “Çünki gec-tez bu borclanma gəlib son həddə çatacaq”.
Ölkə başçısı bu ilin birinci rübündə strateji valyuta ehtiyatlarının 43 milyard dollardan çox olduğunu, Dövlət Neft Fondunun yeni strategiyasının müəyyən edildiyini bildirib.
Ölkə başçısı bildirib ki, Dövlət Neft Fondunda (DNF) yığılan vəsaitin qorunması əsas vəzifədir: “Dünyada baş verən böhran faiz dərəcələrini əhəmiyyətli dərəcədə aşağı saldığı üçün biz yeni formalara müraciət edirik. Bu gün Dövlət Neft Fondunun investisiya və yerləşdirmə portfeli də genişlənir. Bu, təbiidir. Necə ki, biz ölkə iqtisadiyyatını şaxələndiririk, yeni sahələrə üstünlük veririk, strateji valyuta ehtiyatlarımız da həm əmniyyətli, həm də daha səmərəli şəkildə lazım olan sahələrə qoyulmalıdır”.
Prezident gələcəkdə valyuta ehtiyatlarının idarə edilməsi və ölkə maraqlarına daha da çox xidmət göstərilməsi işində daha çevik siyasət aparılmasının vacibliyini bildirib: “Bu barədə mənim müəyyən fikirlərim var. Yaxın gələcəkdə bu fikirlər ortaya qoyulacaq. Hesab edirəm ki, Azərbaycan artıq özünü dünyada, dünyanın iqtisadi-maliyyə bazarlarında daha da qabarıq şəkildə göstərməlidir”.

Prezident Azərbaycanın qlobal məsələlərin həllində siyasi güc kimi iştirak etdiyini, həmçinin maliyyə resurslarını nəzərə alaraq maliyyə gücü kimi də iştirak etməsinin lazımlılığını deyib: “Biz əvvəlki dövrlərdə - müstəqilliyimizin ilk illərində islahatları daha çox xaricdən gələn kreditlər, köməklər, qrantlar hesabına aparırdıq. Hazırda Azərbaycan donor ölkəsinə çevrilir və bu, yeni bir dövrdür. Biz buna hazırıq. Yəni, bu dövrü biz başlayırıq və bu, bizim təşəbbüsümüzdür. Bu təşəbbüs bizə həm iqtisadi, həm siyasi dividendlər gətirir və gələcəkdə daha da çox gətirəcək”.

Ölkə başçısı Dövlət İnvestisiya Proqramının ilin sonuna kimi tam icra edilməsinin vacibliyini qeyd edib: “Son illərin reallıqları bundan ibarətdir ki, biz bəzi hallarda Dövlət İnvestisiya Proqramını tam şəkildə icra edə bilmirik. Çünki bəzi hallarda vəsait bizim texniki imkanlardan artıqdır. Yaxud da ki, bəzi hallarda müvafiq nazirliklər və dövlət qurumlarının hökumətə verdikləri sifarişlər o qədər böyük olur ki, onların icrasını il ərzində təmin edə bilmirlər. Biz buna da diqqət yetirməliyik. Real sifarişlər verilməlidir. Hər bir nazirlik, hər bir dövlət qurumu öz imkanlarını ölçüb-biçməlidir, qeyri-real təkliflər verməməlidir. Mən başa düşürəm, hər bir qurum, hər bir nazirlik istəyir ki, onun sahəsində daha da sürətli işlər getsin və beləliklə, Dövlət İnvestisiya Proqramı formalaşdıqda daha da böyük təkliflər irəli sürürlər. Ancaq bu təkliflər reallıqlara əsaslanmalıdır”.

Dövlət başçısı hər bir qurum və məmurun Dövlət İnvestisiya Proqramını tam, vaxtında və yüksək keyfiyyətlə icra etməsinin vacibliyini vurğulayıb. Ölkədə icra edilən böyük infrastruruktur layihələrinin 2014-cü ildə tam başa çatdırılmalı olduğunu, bundan sonra Dövlət İnvestisiya Proqramına yeni prizmadan yanaşılacağını deyib.
Prezident bütün bölgələrdə böyük infrastruktur layihələri icra edildiyini, bunların tam əksəriyyətinin dövlət tərəfindən maliyyələşdirildiyini bildirib: “Mən çox şadam ki, Azərbaycanın investisiya paketində daxili investisiyalar üstünlük təşkil edir. Bu təbiidir. Çünki daxili investisiyaların mütləq əksəriyyəti dövlət investisiyalarıdır. Ancaq vaxt gələcək ki, investisiyaların tərkibində özəl investisiyalar üstünlük təşkil edəcək”.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu il 200 milyon manat güzəştli kreditlər nəzərdə tutulduğunu deyən prezident İlham Əliyev birinci rübdə 20 mini daimi olmaqla 24 min yeni iş yerləri açıldığını bildirib.
Ölkədə iqtisadi islahatların davam etdirilməli olduğunu deyən prezident sistem xarakterli islahatlara böyük ehtiyac hiss edildiyini bildirib: “Azərbaycan beynəlxalq iqtisadi inkişafla bağlı reytinqlərdə həmişə yüksək yerlər tutur. Dünya İqtisadi Forumu, Davos İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə, Azərbaycanı MDB məkanında birinci yerə layiq görür. “Standard and Poor” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini artırıb, halbuki inkişaf etmiş Avropa ölkələrinin kredit reytinqləri aşağı salınıb.

Biznesin sadələşdirilməsi və biznes imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlar da qiymətləndirilir. Bu il biznes proqramında Azərbaycan yüksək yerlərdədir”.
Dövlət başçısı bu ilin ilk rübündə sovet dövründən qalan əmanətlərin qaytarılması təşəbbüsünün ədalətli və müsbət olduğunu bildirib. Ölkə başçısı Azərbaycan dövlətinin sovet dövründə yığılan əmanətlərə cavabdehlik, məsuliyyət daşımadığını, lakin dövlətin siyasətində insan amilinin diqqət mərkəzində olmasını nəzərə alaraq, belə bir sərəncam imzalandığını xatırladıb: “Postsovet məkanında bir neçə ölkədə buna oxşar təşəbbüslər irəli sürülüb. Ancaq deyə bilərəm ki, Azərbaycandan başqa heç bir yerdə cəmi iki il ərzində bu məbləğ qaytarılmayıb. Biz kompensasiya üçün təxminən bir milyard manat həcmində vəsait nəzərdə tutmuşuq və iki il ərzində bu vəsaitin insanlara verilməsi prosesi təşkil edilməlidir. Onu da qeyd etməliyəm ki, mən adətən başqa ölkələrlə müqayisə aparmağı o qədər də istəmirəm. Çünki hesab edirəm ki, bu, o qədər də düzgün addım olmaz. Yəqin, fikir vermisiniz, baxmayaraq ki, Azərbaycan demək olar, bütün göstəricilərinə görə bir çox ölkələrdən üstündür, heç vaxt müqayisə üçün, yaxud da ki, uğurlarımızı daha da qabarıq göstərmək üçün kiminsə problemlərini üzə çıxarmıram, hesab edirəm ki, bu, qeyri-etik davranışdır”.

Prezident heç bir yerdə Azərbaycan qədər yüksək əmsal tətbiq edilmədiyini deyib: “Bizdə bu barədə kifayət qədər məlumatlar verilib, mətbuatda da dərc edilib. Bir daha xatırlatmaq istəyirəm ki, hələ 1992-ci ildə milli valyutaya keçid dövründə on sovet rublu bir Azərbaycan manatı nisbətində əvəz olunub – birə on. 2006-cı il yanvarın 1-də manatın denominasiyası həyata keçirilib. Beləliklə, beş min Azərbaycan manatı – köhnə manat bir yeni manata bərabər olub. Buna baxmayaraq, hazırda min rublu olan əmanətçiyə 150 manat, yaxud da ki, 180 dollara yaxın kompensasiya ödənilir. İki min rublu olan 300 manat, yaxud da ki, 400 dollar alacaq. Bu cədvəli davam etdirmək olar. Yəni, bu, özlüyündə onu göstərir ki, ən yüksək əmsal və ən qısa dövr Azərbaycandadır. Bu, bir daha Azərbaycan dövlətinin həmin məsələyə nə qədər həssas olduğunu göstərir. Mən bilirəm ki, Azərbaycan vətəndaşları bu təşəbbüsü alqışlayırlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR