Dubay beynəlxalq hava limanında sərnişin axını 5 mln. nəfərə çatıb

Dubay beynəlxalq hava limanında sərnişin axını 5 mln. nəfərə çatıb
# 07 sentyabr 2012 12:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayında Dubay beynəlxalq hava limanında sərnişin axını ilk dəfə olaraq 5 mln. nəfəri ötüb. «APA-Economics»in məlumatına görə, bu barədə «Dubay aeroportları» İdarə Heyətinin dərc etdiyi məruzəsində bildirilir.

Məruzəyə əsasən, bundan öncəki ən yüksək aylıq sərnişin axını cari ilin yanvar ayında qeydə alınıb. Belə ki, 2012-ci ilk ayında bu göstərici 4,850 mln. nəfər təşkil edib. İlin əvvəlindən Dubay beynəlxalq aeroportunda sərnişin axını ötən ilin analoji dövrü ilə müqayisədə 12,4% artaraq 33 mln. nəfərə çatıb.

Məruzədə həmçinin qeyd olunur ki, iyulda sərnişin axını əsasən Qərbi Avropadan (+106 926), Afrikadan (+41 990), Hindistandan (+41 706) və Asiyadan (+40 840) olan marşrutlarda artıb.

Artımı yüksək olan regionlar sırasına Cənubi Amerika (82,6%), Rusiya və MDB (38,6%) və Avstraliya (16,4%) daxil olub. Dubay hava limanında iyulda qeydə alınan rekord göstəricilər onu göstərir ki, aeroportdan hər dəqiqə 112 nəfər sərnişin keçib. Proqnozlara əsasən, 2018-ci ildə bu göstərici 170 nəfərə çatacaq.

Ümumiyyətlə, 2012-ci il ərzində hava limanı 56,5 mln. sərnişin, 2013-cü ildə 75 mln. sərnişin, 2018-ci ildə isə 90 mln. sərnişin qəbul etmək planlaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR