İctimai Palata 2 aprel məhbuslarına həsr olunmuş dəyirmi masa keçirib

İctimai Palata 2 aprel məhbuslarına həsr olunmuş dəyirmi masa keçirib
# 07 fevral 2012 12:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İctimai Palata (İP) ötən il 2 aprel aksiyasına görə həbs olunanlarla bağlı tədbir keçirib.

APA-nın məlumatına görə, tədbirin aparıcısı İP Koordinasiya Şurasının üzvü Mehriban Vəzir aksiya zamanı saxlanılan 16 nəfərin təsdiqlənməyən ittihamlarla həbs olunduğunu deyib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib ki, həbsdə olunanların azadlığa buraxılması istiqamətində fəaliyyətin gücləndirilməsi İP üçün mühüm məsələdir. İ. Qəmbər çıxışında “Eurovision” musiqi yarışması ərəfəsində İP-in fəaliyyət istiqamətləri haqqında da danışıb.

AXCP sədri Əli Kərimli isə bildirib ki, martın 15-ə kimi İP bu istiqamətdə tədbirlərə start verməlidir: “Yaxın günlərdə Avropa Birliyi xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə Azərbaycanla bağlı dinləmə keçirəcək. İctimai Palata bu məsələni diqqətdə saxlamalı, qurum adından Avropa Birliyinə müraciət ünvanlanmalıdır”.

Tədbirdə çıxış edən Əhrar Partiyasının sədri, İP üzvü Vaqif Hacıbəyli, Müsavat Partiyasının üzvü Mehdi Mehdiyev, AXCP sədrinin müavini Nurəddin Məmmədli, Milli Məclisin keçmiş deputatı Pənah Hüseyn, Müsavat Partiyası Məclisinin və İP üzvü Mustafa Hacıbəyli məhbusların effektiv müdafiəsinin zəruriliyini bildiriblər.

Sonda çıxış edən Mehriban Vəzir tədbirdə səslənən təkliflərin paket şəklinə salınacağını deyib.

Tədbirin sonunda bəyanat qəbul olunub. Bəyanatda İP hökumətdən həbsdə olanların azadlığa buraxılmasını tələb edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR