Əmək və əhalinin sosial müdafiəsi naziri Göyçayda peşə hazırlığı kurslarının vəziyyəti ilə maraqlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Göyçayda peşə hazırlığı kurslarının vəziyyəti ilə maraqlanıb
# 08 noyabr 2012 11:03 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov-APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun iştirakı ilə Göyçay Regional Peşə Tədrisi Mərkəzində “Regionlarda əmək bazarının inkişafı və qeyri-leqal məşğulluğun aradan qaldırılması” mövzusunda “dəyirmi masa” keçirilib. APA-nın məlumatına görə tədbirdən öncə nazir Fizuli Ələkbərov mərkəzdə təşkil olunan peşə hazırlığı kurslarının vəziyyəti ilə tanış olub. Tədbirdə qeyd olunub ki, 2004-cü ildən bugünədək ölkədə 1 milyon 100 minədək yeni iş yeri açılıb, işsizlik 5,3 faizədək azalıb. Vətəndaşların peşə-əmək qabiliyyətinin artırılması məqsədilə son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin nəzdində Bakı, Naxçıvan və Göyçay şəhərlərində yeni Regional Peşə Tədrisi Mərkəzləri yaradılıb. Həmin mərkəzlərdə cari ilin 9 ayı da daxil olmaqla ötən müddətdə 9600-dən çox, o cümlədən Göyçay Regional Peşə Tədrisi Mərkəzində 2600-ə yaxın vətəndaşın yeni peşələrə yiyələnməsi təmin olunub. Bu gün Dövlət Məşğulluq Xidməti tərəfindən əmək bazarında tələbat olan ümumilikdə 50-dən çox peşə üzrə hazırlıq kursları təşkil edilir. Dünya Bankı ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində həmin peşələrdən 15-i məhz modul tədris üsulunda aparılır. Növbəti ildən daha 40-dək peşə modul üsulunda tədris ediləcəkdir. Regional peşə tədrisi mərkəzlərinin iqtisadi fəal vətəndaşların əmək bazarına çıxışının asanlaşdırılmasında, işəgötürənlərin işçi qüvvəsinə olan tələbatının ödənilməsində mühüm rolu nəzərə alınaraq, digər bölgələrdə də belə mərkəzlərin yaradılması nəzərdə tutulur.
Həmçinin, Dövlət Məşğulluq Xidməti tərəfindən 2008-ci ildən başlayaraq orta ümumtəhsil məktəblərində peşəyönümü məsləhətləri verilir ki, bu da gənc nəslin gələcək peşə və ixtisas seçimində, uğurlu karyera qurmasında önəmlidir. Təkcə cari ilin 9 ayında 74556 nəfər yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhətləri verilib. Tədbirdə qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması sahəsində görülən işlərdən də söz açılaraq bildirilib ki, başlıca hədəf son işçiyə qədər əmək müqaviləsinin bağlanılmasını, onun öz əmək hüquqlarına, o cümlədən gələcəkdə sosial təminat sistemi ilə əhatə edilmək hüququna malik olmasını təmin etməkdir. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov, Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis əvəzi Məhərrəm Məhərov, ayrı-ayrı işəgötürənlərin çıxışları dinlənilib, peşə hazırlığı işinin təkmilləşdirilməsi, qeyri-leqal məşğulluğun aradan qaldırılması sahələrində görülən işlər, qarşıda duran vəzifələr müzakirə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR